Video: 6 qat dünya çempionu, Mübariz Mənsimovun yaxını "Qarabağ"a dəstək verdi

Supersport.Az xəbər verir ki, tanınmış peşəkar kikboksçu Pərviz Abdullayev yeni mövsümün hazırlıqlarına başlayan "Qarabağ"ın düşərgəsini ziyarət edib.
Klubun baş məşqçisi Qurban Qurbanov komandanın təmsil etdiyi Ağdam şəhərindən olan altıqat dünya çempionunu futbolçulara şəxsən təqdim edib.
Təcrübəli mütəxəssis Abdullayevə azarkeşlik etdiyini bildirib.
"Kobra" ləqəbli idmançı isə kollektivlə görüşə görə şad olduğunu, "Qarabağ"ı fəxrlə izlədiyini və uğurlarından sevindiyini söyləyib.
Məşhur döyüşçü, Ağdam komandasına Çempionlar Liqasında uğurlar arzulayıb.
Türkiyədə yaşayan idmançı, ötən mövsüm Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində baş tutan "Bayer Leverkuzen" ilə yaddaqalan oyunlardan sonra qardaş ölkədə Ağdam təmsilçisinə azarkeşlik edənlərin artdığını deyib.
P.Abdullayev "Palmali"də çalışır. Tanınmış idmançı "Xəzər Lənkəran"ın sahibi Mübariz Mənsimovun mühafizə xidmətinin rəisidir.

