Qurban Qurbanov: "Komandamızda psixoloji təzyiq var" - Video

Qurban Qurbanov: "Komandamızda psixoloji təzyiq var" - Video
Futbol, Video
07 Noyabr 2018 - 21:31
Supersport.Az-ın məlumatına görə, Avropa Liqasının qrup mərhələsinin IV tur matçında Poltavada Ukrayna "Vorskla"sı ilə qarşılaşacaq "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov  mətbuat konfransında fikirlərini bildirib.

"Bizi çətin və vacib oyun gözləyir. Dördüncü oyunda yaxşı nəticəni yaxşı oyunla əldə etmək istəsək də, çətin olacaq. "Vorskla" öz meydanında aqressiv çıxış edir. Ötən müddətdə futbolçuları matça hazırlamışıq. Onların yaxşı mübarizə aparacaqlarını və diqqətli olacaqlarını gözləyirik. Ola bilər ki, matçın gedişində dəyişikliklər olsun. Buna hazır olmalıyıq".

46 yaşlı mütəxəssis deyib ki, yalnız Ansi Aqolli meydanda olmayacaq. Maksim Medvedev və Donald Gerrye tam hazır olmasalar da, oynamaq ehtimalı var.

"Bu oyunu revanş hesab etmirəm. Dördüncü oyunumuzdur, xalımız yoxdur. Digər rəqiblərə qarşı da belə istəklə çıxacaqdıq. İndiyədək göstərdiyimiz oyun nəticə üçün kifayət etməyib. Bizim üçün çox vacib olacaq. Bu, dördüncü oyunumuzdur. Elə rəqib üçün də bu, belə olacaq. Qalib gələcəkləri halda, bu, "Vorskla" üçün mərhələ adlamaq baxımından böyük şans olacaq.

Belə rəqibləri nə üstün, nə də aşağı sayıram. Onlar bizdən daha üstün olan Ukrayna çempionatında oynayırlar. Biz neçə illərdir avrokubok təcrübəsi toplayırıq. Daha güclü çempionatlardan olan, ustalıq səviyyələri yüksək komandaları qarşı çıxış etmişik. Bakıdakı görüşdə heç də rəqibdən geri qalmamışdıq. Ola bilər ki, rəqib öz meydanında daha aktiv, aqressiv oynasın. Bura yaxşı oyun və nəticə üçün gəlmişik. İstənilən rəqibə qarşı belə istəklə çıxacaqdıq. Lakin rəqibə hörmətlə yanaşırıq. "Vorskla"nın öz oyun üslubu var. Çalışacağıq ki, hər birinizi sevindirək.

"Arsenal"la oyunda doğrudan da fərqli görünürdük. Ancaq deməzdim ki, "Vorskla" ilə qarşılaşmada motivasiyamız az idi. Rəqib yaxşı müdafiə olunurdu. Sadəcə, ustalıq səviyyəsi aşağı oldu ki, imkanlardan yararlana bilmədik. "Arsenal" daha açıq futbol oynayırdı, buna görə hücumlar qura bilirdik. "Vorskla" isə buna şərait yaratmadı, tez qapandı. Digər tərəfdən, üzərimizdə psixoloji təzyiq var. Azərbaycanın yeganə təmsilçisiyik. Futbolçularda psixoloji yorğunluq olur. Həddən artıq istəkli olduqda, düşündüyünü həyata keçirməkdə çətinlik çəkirsən. Ola bilsin, yenə belə fikirləşiblər. Bu da bizə son nöqtəni qoymaqda mane oldu. Oyunu təhlil etmişik. Düşündüyümüz alınsa, ola bilər ki, ilk qarşılaşma ilə müqayisədə bunun tam əksi olsun".

Digər xəbərlər