"AFFA cəzalansa, məsuliyyəti Elxan Məmmədov daşıyacaq"

"AFFA cəzalansa, məsuliyyəti Elxan Məmmədov daşıyacaq"
Futbol
01 Avqust 2018 - 08:03
Supersport.Az-ın məlumatına görə, birinci liqaya buraxılmayan "Xan Lənkəran" AFFA-yla bağlı növbəti bəyanat yayıb.

"AFFA-nın baş katibi Elxan Məmmədovun imzasıyla məktub almışıq. Məktubdan aydın olur ki, bütün cəhdlərimizə rəğmən, assosiasiya rəhbərliyinin "Xan Lənkəran" Peşəkar Futbol Klubuna qarşı tutduğu qərəzli mövqe dəyişməyib.

Bu məktuba istinadən bildiririk ki, AFFA-nın klubumuzla bağlı yol verdiyi kobud hüquq pozuntularına qarşı tədbirlər planına start veririk.


Beynəlxalq futbol qurumlarının hüquq normativləri ilə peşəkar futbol klubu statusu ilə fəaliyyətə başlayan kommersiya təşkilatları, ictimai birliklərin peşəkarlıq əsasları araşdırılmalı, onların fəaliyyətinə şərait yaradılmalıdır. Peşəkar futbol klubunun fəaliyyətinin başlıca əsası isə təsis edildiyi ölkənin uyğun peşəkar statuslu müsabiqəsindən iştirakdır. Heç bir halda peşəkar futbol klubunun bu tip yarışda iştirakla bağlı müraciətinə baxılmaya bilməz və bu hüququ əngəlləyən qərarı ölkənin ali futbol qurumunun icraedici orqanı olan İcraiyyə Komitəsi verə bilməz. Bu AFFA-nın öz nizamnaməsini pozması, beynəlxalq futbol qurumları qarşısında öhdəliklərini yerinə yetirməməsi və İcraiyyə Komitəsinin səlahiyyətlərini aşması faktıdır.

"Xan Lənkəran" PFK idarə heyətinin sədri Rəsul Şükürsoy ötən həftə AFFA-nın inzibati binasında keçirdiyi görüşdə məsələ ilə bağlı çözümçü mövqedən çıxış edib. Lakin, gördüyümüz qədəri ilə, hüquq yollarına baş vurmaqdan başqa yol saxlanılmır.

"Xan Lənkəran" PFK lazımi hüquqi addımlarla bağlı vəkillərlə sənədləşdirmə işlərinə başlayır. Bu tədbirlərdən sonra AFFA-nın alacağı sanksiyaların məsuliyyəti birbaşa baş katibin və bu absurd qərara səbəb olanların öhdəsindədir.

Klubun gələcək fəaliyyəti ilə bağlı yaxın günlərdə elan ediləcək hissədarlarla toplantısında qərarlar qəbul ediləcək".

Digər xəbərlər