Sərbəst güləşçilər 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıdır

Sərbəst güləşçilər 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıdır
Digər, Güləş
17 May 2018 - 00:10


Makedoniyanın Skopje şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı keçirilir.

Supersport.Az xəbər verir ki, çempionatın ilk günlərində mübarizə aparan sərbəst güləşçilərin yarışları başa çatıb. Yığma komandamızın üzvləri çempionatı 1 qızıl, 2 gümüş və 2 bürünc medalla başa vurub. Bütün rəqiblərindən üstün olan Turan Bayramov (65 kq) çempionatın qızıl medalına yiyələnib. Qızıl medal qazanan Turan Bayramov həm də 65 kq çəki dərəcəsində Olimpiadaya vəsiqəni təmin edib.

Yalnız final görüşündə uduzan Fuad Mayılov (80 kq) və İslam Abuyev (110 kq) isə gümüş medalla kifayətlənib. Bürünc medalları isə yığmamıza Kənan Heybətov (45 kq) və Əlihəsən Əmirli (48 kq) qazandırıb.

Bu nəticə ilə yığmamız komanda hesabında çempionatı Rusiya, Gürcüstan və Türkiyədən sonra dördüncü sırada başa vurub. Ancaq nə Türkiyə, nə də Gürcüstan komandaları Olimpiya Oyunlarına vəsiqə qazana bilməyib.

Sərbəst güləş yarışlarında Olimpiadaya qazanılan vəsiqələrin sıralaması isə belədir: Rusiya - 3, Azərbaycan - 1, Ukrayna - 1

Xəbər verdiyimiz kimi, Avropa çempionatı 12-14 oktyabrda Argentinanın Buenos Ayres şəhərində keçiriləcək yeniyetmələrin III Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır. Reqlamentə əsasən isə, qazanılmış lisenziyaların sayından asılı olmayaraq, hər bir ölkə hər bir güləş növü üzrə maksimum 2 idmançı ilə təmsil oluna bilər. Çempion olan və lisenziya qazansa da Olimpiadada iştirak etməyəcək idmançını həmin çəkidə ikinci yeri tutmuş ölkə təmsilçisi əvəzləyəcək.

Digər xəbərlər