Karate federasiyasından bəyanat

Karate federasiyasından bəyanat
Karate, Digər
17 Avqust 2017 - 22:26
Supersport.Az saytı federasiyanın rəsmi saytına istinadla  xəbər verir ki, bir sıra elektron informasiya vasitələrində Azərbaycan Milli Karate Federasiyasının (AMKF) ağır maliyyə böhranı içərisində olması, 1 ildən artıqdır ki, maaşların verilməməsi, milli komandaların İnter Arenada yerləşən federasiyanın təlim-məşq bazasından kənarladırlması kimi dezinformasiyalar yayılıb.

Həmçinin rəsmi mənbə ilə dəqiqləşdirilmədən etibarsız sayılan bu məlumatlarda karateçilərimizin xarici  seminarlara qatılmaqla qazanc əldə edib öz xərclərini qarşılaması, arenadan çıxarılan milli komandaların məşqlərə qatılmaq imkanı olmadığı bildirilir. Hətta bu səbəbdən bəzi idmançıların karyerasını bitirmək istəyi olduğu kimi neqativ fikirlər yazılıb.

Nəzərinizə çatdıraq ki, Bakıda 4-cü İsam Həmrəyliyi Oyunlarında yüksək nəticə göstərən milli komandanın üzvləri gərgin təlim-məşqlərdən sonra istirahətə buraxılıb. Həmçinin yay aylarının çox isti keçməsi ilə əlaqədar olaraq ciddi təlim-məşq proqramları da müvəqqəti olaraq dayandırılıb. Buna baxmayaraq müxtəlif yaş qrupları üzrə milli komandaların təlim-məşqləri tam heyətlə olmasa da istər fərdi, istərsə də komanda halında davam edir. Bunun nəticəsi ötən günlərdə İranda nüfuzlu beynəlxalq turnirdə qazanılan 4 qızıl, 5 gümüş və 4 bürünc olmaqla 13 medalda özünü göstərdi. Beynəlxalq təqvim planı üzrə payız aylarında rəsmi yarışlara hazırlıqlar davam edir.

Onu da qeyd edək ki, çatdırılan məlumatın əksinə olaraq milli komandamızın heç bir üzvü ötən müddətdə beynəlxalq seminarlar keçirməyib. Eləcə də federasiya kollektivinin ciddi fərdi çətinliyi yaranarsa, təşkilatın rəhbərliyi tərəfindən bu problemin aradan götürüməsinə hər zaman həssas yanaşılır.

AMKF bu rəsmi açıqlaması ilə bildirir ki, məlum səbəblərdən baş sponsor Azərbaycan Beynəlxalq Bankının bu ilin əvvəlindən maliyyə dəstəyini dayandırması ilə, Azərbaycan Gənclər və İdman nazirliyi federasiyanın məhsuldar fəaliyyəti üçün bütün xərcləri üzərinə götürüb və bu addımın müsbət nəticələri göz qabağındadır. Yay aylarında maliyyə dəstəyində müəyyən çətinlikllər yaranıb. Təbii ki, Azərbaycan qlobal dünyanın bir hissəsi, AMKF isə ölkədə fəaliyyət göstərən qeyri biznes təşkilatlarından biri kimi mövcud durumdan kənar qala bilməz.

Federasyanın 20 illik fəaliyyət tarixində müvəqqəti çətinliklər olduğu zaman dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyev tərəfindən, bu təşkilatın vitse-prezidenti Çingiz Hüseynzadə və Gənclər və İdman naziri Azad Rəhimovun dəstəyi ilə problemlər aradan qalxıb.

Federasiyanın kollektivi yaranmış vəziyyəti anlaşıqlıqla qarşılayır və bu müvəqqəti çətinliyin yaxın zamanlarda hər zaman olduğu kimi dövlət dəstəyi ilə həll olunacağına əmindir. AMKF həqiqəti əks etdirməyən və mənbəyi məlum olmayan belə informasiyalara uymamağı və kütəvi informasiya vasitələrindən istənilən məlumatı federasiya rəsmiləri ilə dəqiqləşdirməmiş yaymamağı tövsiyyə edir.

Digər xəbərlər