"İNTER"İN PREZİDENTİ RƏŞAD QASIMOV: "QƏBƏLƏ"Nİ DƏ MƏĞLUB ETMƏLİYİK" - YAZI, FOTO, VİDEO

"İNTER"İN PREZİDENTİ RƏŞAD QASIMOV: "QƏBƏLƏ"Nİ DƏ MƏĞLUB ETMƏLİYİK" - YAZI, FOTO, VİDEO
Futbol, Layihə, AFFA yanında Media Komitəsi
12 Avqust 2016 - 06:59
ROMAN QRİQORÇUK: "BİZİ ÇOX ÇƏTİN OYUN GÖZLƏYİR"

Azərbaycan Premyer Liqasının startı gözlənilməz nəticə ilə yadda qaldı. "İnter" dördqat ölkə çempionu "Qarabağ"ı məğlub etməklə adından söz etdirdi.

İkinci turda da maraqlı oyunlar keçiriləcək.

"İnter" bu dəfə də iki cəbhədə - Avroliqanın pley-off mərhələsi və milli çempionatda mübarizə aparan klubla qüvvəsini sınayacaq.

Azərbaycan Premyer Liqasında əsas diqqət "Qəbələ" - "İnter" oyununa yönələcək.

Qarşılaşmanın "İnter Arena"da keçirilməsi gözlənilsə də, "Qəbələ" klubunun Peşəkar Futbol Liqasına müraciətindən sonra görüşün məkanı dəyişdirilib.

"Qəbələ"nin "İnter"in stadionunun süni örtüklü olmasını əsas gətirərək, matçın yerinin dəyişdirilməsi xahişinə PFL müsbət cavab verib. Buna səbəb kimi komandanın Avropa Liqasının pley-off mərhələsində "Maribor" (Sloveniya) klubu ilə hər iki görüşünün təbii örtüklü stadionda keçiriləcəyi göstərilib.

"Qəbələ"nin beynəlxalq miqyaslı oyunlarını nəzərə alan PFL "İnter" klubunun razılıq məktubuna əsasən sözügedən oyunda "Qəbələ"nin meydan sahibi olmasına və matçın "Dalğa Arena"da keçirilməsinə razılıq verib. Oyun bu gün saat 20:00-da başlayacaq.

İstər "İnter", istərsə də "Qəbələ" çempionluq uğrunda mübarizə aparır. Oyun ərəfəsində paytaxt klubunun prezidenti, baş məşqçisi, aparıcı futbolçusu, "Qəbələ" təmsilçisinin əsas çalışdırıcısı Supersport.Az-a iddialı açıqlamalar verib.

"İnter"dən fərqli olaraq "Qəbələ"nin heyətində itki var. İlk turda "Kəpəz"lə oyunda ciddi zədə alan kapitan Rəşad Sadiqov qarşılaşmanı buraxmalı olacaq. Təcrübəli futbolçu "Maribor"la ilk görüşdə də iştirak etməyəcək.

STATİSTİKADA KİM ÜSTÜNDÜR?

Bu iki komandaların görüşündə üstün tərəf paytaxt klubudur. "İnter" 32 oyunun 14-nü, "Qəbələ" 7-sini qələbə ilə başa vurub, 11 qarşılaşmada heç-heçə qeydə alınıb. "Qəbələ" son 7 oyundan yalnız birində qol vurmayıb. 3 oyundur uduzmayan "Qəbələ" klubu son 2 qarşılaşmada qol da buraxmayıb.

"Qəbələ" – "İnter" - 32 oyun, +7=11-14, top fərqi 26-44

05.08.2006 Gilan (“Qəbələ”) - İnter (Bakı) 0:0
12.02.2007 İnter (Bakı) - Gilan (“Qəbələ”) 2:0
02.12.2007 “Qəbələ” - İnter (Bakı) 2:1
28.05.2008 İnter (Bakı) - “Qəbələ” 4:0
30.08.2008 İnter (Bakı) - “Qəbələ” 1:1
07.03.2009 “Qəbələ” - İnter (Bakı) 0:1
26.09.2009 İnter (Bakı) - “Qəbələ” 3:2
24.12.2009 “Qəbələ” - İnter (Bakı) 0:1
10.04.2010 “Qəbələ” - İnter (Bakı) 1:1
15.05.2010 İnter (Bakı) - “Qəbələ” 4:1
19.09.2010 “Qəbələ” - İnter (Bakı) 0:1
13.11.2010 İnter (Bakı) - “Qəbələ” 0:0
23.10.2011 İnter (Bakı) - “Qəbələ” 1:1
11.12.2011 “Qəbələ” - İnter (Bakı) 0:0
24.03.2012 “Qəbələ” - İnter (Bakı) 2:1
22.04.2012 İnter (Bakı) - “Qəbələ” 2:1
10.08.2012 “Qəbələ” - İnter (Bakı) 1:0
17.02.2013 İnter (Bakı) - “Qəbələ” 2:1
13.03.2013 “Qəbələ” - İnter (Bakı) 1:2
19.05.2013 İnter (Bakı) - “Qəbələ” 1:0
11.08.2013 “Qəbələ” - İnter (Bakı) 3:2
19.10.2013 İnter (Bakı) - “Qəbələ” 0:1
23.03.2014 “Qəbələ” - İnter (Bakı) 1:4
12.05.2014 İnter (Bakı) - “Qəbələ” 0:0
10.08.2014 İnter (Bakı) - “Qəbələ” 4:0
21.12.2014 “Qəbələ” - İnter (Bakı) 1:1
18.03.2015 İnter (Bakı) - “Qəbələ” 1:2
16.05.2015 “Qəbələ” - İnter (Bakı) 1:1
12.09.2015 İnter (Bakı) - “Qəbələ” 2:1
09.11.2015 “Qəbələ” - İnter (Bakı) 1:1
07.02.2016 İnter (Bakı) - “Qəbələ” 0:1
03.04.2016 “Qəbələ” - İnter (Bakı) 0:0

"ÇEMPİONATIMIZ BELƏDİR, REALLIQLA BARIŞMALIYIQ"

DSC00023

"İnter"in prezidenti Rəşad Qasımov klubların azalmasının çempionatın səviyyəsinə mənfi təsiri olacağı qənaətindədir:

"Çempionatda klubların sayının azalması təəssüfləndirici məqamdır. Düzdür, 8 iştirakçı sırasında zəif komanda yoxdur. Klubların azalması oyunların sayına təsir göstərəcək. Komandalar ritmə düşmək üçün sınaq qarşılaşmaları keçirməyə çalışacaq. Neyləmək olar? Çempionatımız belədir, reallıqla barışmalıyıq. Başqa variant yoxdur. 8 komandadan 4-ü qitə turnirlərində oynayacaq. Bəlkə də bu, kiməsə asan gələ bilər. Hesab edirəm ki, bütün klublar iddialıdır və sona qədər mübarizə aparacaqlar. Ola bilər ki, kiminsə məqsədi çempionatda iştirakdır, Avrokuboklarda yox.
Azarkeş baxımından "Qarabağ" öndədir. Ona görə ki, çempiondur, çox vaxt qələbə qazanır. Azərbaycanlların mentalitetində belə məqam var ki, həmişə qalib gələn komandaya daha çox azarkeşlik edirlər. Çünki bu, daha rahatdır və belə olan halda heç kim tərəfdarı olduğu komandanı pisləmir. Qələbələr və çempionluq şansı artdıqca azarkeşlərimiz də çoxalacaq".

FƏRQLİ HEYƏTLƏ QƏLƏBƏ

Dördqat ölkə çempionu "Qarabağ"ı məğlub edən "İnter"in prezidenti komandasından yalnız qələbələr gözlədiyini diqqətə çatdırıb:

"Konkret hədəfimiz Avropa yarışlarına vəsiqə qazanmaqdır. Ötən mövsüm "İnter" "Qarabağ"la 4 çempionat oyununda qələbə qazana bilməsə də, yeni sezonun ilk turunda bu rəqibə qalib gəldik. İndi komandamızda fərqli heyətdir, orta yaş həddi 23-dür. Ötən mövsüm bu rəqəm 29-30 idi. Hazırda isə komandamız daha gənc və fiziki cəhətdən hazırlıqlı heyətə malikdir. Ötən il komanda təlim-məşq toplanışı keçməmişdi, fiziki cəhətdən hazır deyildi. Yeni mövsüm ərəfəsində Türkiyədə təlim-məşq keçirildi: indi hazırlıq davam edir və futbolçular getdikcə daha yaxşı formaya düşəcəklər.
"Qarabağ"la oyunda olduğu kimi, "Qəbələ" ilə görüşdə də komandamdan qələbədən başqa nəticə gözləmirəm. İlk turda qalibiyyətə layiq oyun nümayiş etdirdik. Birinci hissədə qol imkanımız oldu, hesabda geri düşdük. Ancaq ikinci hissədə həm bərabərlik, həm də qələbə qolunu vurduq.
"Qarabağ"la oyunla müqayisədə "Qəbələ" ilə qarşılaşma daha çətin olacaq. Çünki çempion komandanın Çempionlar Liqasında mübarizənin dayandırmasının, süni örtüyün mənfi təsiri vardı. "Qəbələ"yə gəlincə, Avroliqa, çempionatda qələbələri sıralayır və oyunu ritmə düşüb. Ola bilər ki, limit məsələsində çətinlik çəksinlər. Bununla belə bu rəqibdən daha güclü oyun gözləyirəm".


"BUNUN DOĞRU VƏ YA SƏHV ADDIM OLDUĞUNU ZAMAN GÖSTƏRƏCƏK"

Paytaxt təmsilçisinin rəhbəri, komandada maddi vəziyyətin düzəldiyini qeyd edib:

"Yanvardan maddi vəziyyət düzəlib. Sadəcə, borclar çox idi. Əsasən ödəmələrin qaytarılmasına üstünlük verilmişdi. Borcları tam qaytarmaq qeyri-mümkündür. Buna görə də ödəmələr hissə-hissə edilir.
10 yeni futbolçunun gətirilməsi ilə büdcə dəyişməyib. Görürsünüz ki, "İnter" əsasən yerli futbolçular transfer edib, cəmi üç legioner var. Nə vaxt belə olub? Hansı iddialı klub deyə bilər ki, 11 futbolçusundan 9-u Azərbaycan himnini oxuyur? Bu, mənim üçün fəxrdir. Bunun doğru və ya səhv addım olduğunu zaman, nəticə göstərəcək".

"QƏBƏLƏ" NÜMUNƏSİ

"Qəbələ"nin fəaliyyətini yüksək qiymətləndirən "İnter"in prezidenti, bu komandanın fərqləndiyini vurğulayıb:

"Bilirsiniz ki, bizdə futbola sərmayə qoyan işadamları bu sahədə gəlir əldə edə bilmirlər. Azərbaycan futbolunun infrastruktunun bünövrəsi pul qazanmağa imkan vermir. Avrokuboklarda iştirak edən klubların bu turnirdə gəlirləri büdcəsinin cüzi hissəsini təşkil edir. Əsas qazanc akademiyanın yetirmələrinin başqa klublarda çıxşından gəlməlidir. Bizdə isə bu baxımdan yalnız "Qəbələ"də vəziyyət lazımi səviyyədədir: infrastrktur, yüksək diqqət, düzgün istiqamət. "Qəbələ"də olarkən bunun canlı şahidi olmuşam. Akademiyada yaşamaq, təhsil almaq, məşq və s. olmalıdır. Bakıda belə işlər görülməsi böyük vəsait tələb edir. "Qəbələ"də o qədər də yox. Torpaq, infrasturktur, xərc baxımından.

Paytaxt klubunun gürcü baş məşqçisi Zaur Svanadze rəqibin güclü komanda olduğunu söyləyib:

DSC00005

"Növbəti turun qarşılaşmasına adi qaydada hazırlaşmışıq. Komandada zədəli futbolçular yoxdur."Qəbələ" çox yaxşı komandadır. Bu faktı çoxdan təsdiqləyib. "Qəbələ" ötən il Avropa Liqasının qrup mərhələsində oynayıb, indi də bu uğuru yenidən təkrarlaya bilər. Biz bu kluba Avroliqada uğurlar arzulayırıq. Bu komandanın necə oynadığını bilirik və həmin oyuna ciddi hazırlıq olub. Oyun həmişə olduğu kimi, çətin olacaq. Bütün qarşılaşmalar bizim üçün ağır olur. Bu dəfə də müsbət nəticə əldə etmək üçün əlimizdən gələni edəcəyik".

RUSLAN ABIŞOV: "BU OYUN PRİNSİPİAL DEYİL"

DSC00079

"Qarabağ" üzərındə qələbədə böyük pay sahibi olan "İnter"in aparıcı futbolçusu Ruslan Abışov da "Qəbələ" ilə oyun barədə fikirlərini bölüşüb.

İlk turda təcrübəli yarımmüdafiəçinin iki qolu sayəsində Bakı klubu Ağdam təmsilçisi ilə qarşılaşmada meydandan qalib ayrılmışdı. Bununla belə Abışov özünü qəhrəman hesab etmir:

"Deməzdim ki, qəhrəman oldum, hamımız əziyyət çəkdik. "Qarabağ"la oyun çox çətin oldu. Əsas odur ki, qələbə qazandıq. "Qarabağ"la oyunu unudub, "Qəbələ" ilə görüşə hazırlaşmışıq. İnşAllah komandamız bu oyunda da uğurlu nəticə qazanacaq".

"Qəbələ"ni "İnter"ə dəyişən Abışov, oyunun prinsipial xarakter daşımayacağını bildirib:

DSC00058

"Peşəkar futbolçunun klubunu dəyişməsi normaldır. Mənim üçün bu oyun prinsipial deyil. "Qəbələ" güclü komandadır, yaxşı futbolçuları və baş məşqçisi var. Buna görə də bizi daha bir ağır gözləyir. Buna baxmayaraq, yalnız qələbə haqda düşünürük. Bu oyuna daha yaxşı köklənməliyik ki, qalib gələk.

"İnter" hər zaman iddialı olub" deyən 29 yaşlı futbolçu, əsas məqsədin çempionluq, minimum vəzifənin Avropa Liqasına vəsiqə qazanmaq olduğunu diqqətə çatdırıb.

ROMAN QRİQORÇUK: "İNTER" CİDDİ RƏQİBDİR"

DSC00128

"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk əməkdaşımızla söhbətində "İnter"i ciddi rəqib kimi xarakterizə edib.

Təcrübəli mütəxəssis bildirib ki, sıx qrafikin komandasına çətinlik yaratdığını söyləyib:

"Məşqlər sıx qrafikə uyğun şəkildə davam edib. Əlbəttə ki, üç gündən bir oyun keçirmək çətindir. Amma işimiz bundan ibarətdir. Futbolçuları plana uyğun hazırlanır".

DSC00111

"İnter"in "Qarabağ"ı məğlub etməsi gözlənilməz olmadı ki" sualına "Qəbələ"nin çalışdırcısının cavabı belə olub:

"Düzünü deyim ki, bu haqda düşünməmişəm, buna vaxtımız olmayıb. Çünki öz oyunlarımızı daha çox fikirləşirik, görüləcək işlər çoxdur. "İnter" ciddi rəqibdir və bizi çox çətin oyun gözləyir".

DSC00122

Milli çempionatın səviyyəsi haqda danışan ukraynalı mütəxəssis, məsləhət verib.

"Bu mövsüm çempionat iştirakçılarının sayına görə klublar az oyun keçirməli olacaq. Avrokuboklarda çıxış edən komandaların qarşılaşmaları isə çoxdur. Keçmiş sovet dönəmində çempionat daha yaxşı idi, 16 komanda mübarizə aparırdı. Çox istərdik ki, belə olsun. Azərbaycanın müstəqillikdən sonra ilk milli çempionatında 26 komandanın iştirak etdiyi məlumatını sizdən eşitdim".

Təcrübəli məşqçi, oyunlara azarkeşlərin cəlb olunmasının komandalardan asılı olduğunu vurğulayıb:

"Çempionat oyunlarına azarkeşlər az gəlir. Bu, ilk növbədə komandalardan asılıdır. Biz daha yüksək səviyyədə oyun nümayiş etdirsək, azarkeş ordusunu qarşılaşmalara cəlb edə bilərik. Bundan başqa, menecment, təşkilatçılıq işləri də önəmlidir. Avrokubok oyunlarına gəlincə, ab-hava fərqli olur. "Qəbələ"nin "Lill"lə oyununda stadion dolmuşdu və möhtəşəm azarkeş dəstəyinə şahidlik etdik. Bu, komandaya əlavə güc verir. Buna görə hər bir azarkeşə təşəkkürümü bildirirəm".


Anar CƏFƏRSOY, Ramil CƏFƏROV 

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.

Digər xəbərlər