Supersport.Az Bakıda təşkil olunacaq dünya çempionatı ərəfəsində Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Nağı Səfərovun fikirlərini videogörüntüyə alıb.
Qurum rəsmisi, 145 ölkədən 933 idmançının yarışa qatılacağını bildirib: “Növbəti həftədən 2000-dən çox qonaq paytaxtımıza təşrif buyuracaq. Bu, pandemiyadan sonra ölkəmizdə baş tutacaq ən önəmli turnirlərdən biri olacaq. Ölkəmiz böyük idman tədbirlərinə ev sahibliyi edir. Azərbaycan tamaşaçısı belə yarışları öz ölkəsində izləyir. Mundial beynəlxalq federasiya üçün də önəmlidir. Qurumun Bakıda gerçəkləşəcək 50 illik yubileyində mühüm qərarlar qəbul olunacaq”.
N.Səfərov hazırlıqla bağlı Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərovun rəhbərliyi ilə Təşkilat Komitəsinin iclasının keçirildiyini sözlərinə əlavə edib: “İclasda yeniliklərlə bağlı danışılıb, iş planı müzakirə edilib, çempionat ərəfəsində baş tutacaq tədbirlər barədə məlumat verilib”.
O, baş məşqçilərin qarşısına tələblər qoyduqlarını, kişilərdən 3, qadınlardan isə 2 medal gözlədiklərini deyib.
Qeyd edək ki, dünya çempionatı mayın 29-dan iyunun 6-dək təşkil olunacaq və 16 çəki dərəcəsində qaliblər müəyyənləşəcək. Dünya çempionu aktivinə 140 reytinq xalı əlavə qazandıracaq.