“Ermənistanda keçirilən ağır atletika üzrə Avropa çempionatında Bayrağımıza qarşı hörmətsizlik dünya ictimaiyyəti, idmançılar tərəfindən yaxşı qarşılanmadı. Bu, Ermənistanın vəhşiliyini, ölkənin sahibsizliyini bir daha göstərdi”.
Supersport.Az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda idmançıların qarşılanma mərasimində jurnalistlərə açıqlamasında Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli belə fikir səsləndirib.
“Xatırladığınız kimi, 2015-ci ildə ölkəmizdə Avropa oyunlarında Prezident İlham Əliyev boks üzrə erməni əsilli idmançıya medal təqdim edərkən azarkeşlərimizin narahatçılığı var idi. Lakin dövlətimizin başçısının bir baxışı ilə hər kəs sakit dayandı və əl çaldı. Ermənilər Bayrağımızı yandırırlarsa, idmançılarımıza qarşı da təxribat törədə bilərdilər. Ermənilər bilirdilər ki, idmançılarımız orada yarışda qalib olacaqlar, bayrağımız qalxacaq, himnimiz səslənəcək. Onlar həmişəki kimi öz əməllərindən qalmadılar və belə addım atdılar. İdmançılarımıza həvəsdən düşməməyi və gələcək yarışlarda uğurlar arzulayıram” – deyə, olimpiya çempionu bildirib.