Bu gün Azərbaycan Voleybol Federasiyasının (AVF) Nizam-intizam komissiyasının iclası keçirilib. Toplantıda Hakimlər Kollegiyasının fevralın 10-da AVF-nin yarışların keçirilməsi üzrə Nizam-intizam komisiyyasına ünvanladığı müraciətə baxılıb.
Müraciətdə kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında V tur çərçivəsində keçirilmiş “Xarı bülbül” – “Neftçi” qarşılaşmasında nizam-intizam qaydalarının pozulduğu bildirilmiş, bununla bağlı müvafiq qərar verilməsi xahiş olunub.
Bu gün keçirilən iclasda yuxarıda vurğulanan oyunda “Xarı bülbül” klubunun kapitanı İlqar İmamquliyevin nizam-intizam qaydalarını pozduğu və qeyri-etik hərəkətlərə yol verdiyi bildirilib. Bütün bunları nəzərə alaraq AVF-nin reqlamentinə əsasən İlqar İmamquliyevə xəbərdarlıq edilib və 2 oyunluq şərti cəza verilib.
Supersport.Az-a məlumat milli qurumdan verilib.
Qeyd edək ki, Hakimlər Kollegiyasının AVF-yə müraciəti fevralın 10-da edilib və həmin gün keçirilməsi nəzərdə tutulan VI turun “Xarı bülbül” – “Murov” matçı da təxirə salınıb. Bu qarşılaşmanın vaxtıilə bağlı yaxın günlərdə məlumat veriləcək.