Qurban Qurbanov: "Sanki səhvlər axtarırıq"

Qurban Qurbanov: "Sanki səhvlər axtarırıq"
Futbol
06 İyul 2022 - 01:00
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Polşanın "Lex" komandasına qarşı keçirdikləri ilk oyunu şərh edib.


Supersport.Az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 0:1 hesabıyla uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:


"Rəqibdə məni təəccübləndirən böyük nəsə olmadı. Sadəcə, onlardan hücum futbolu gözləyirdim. Öz komandamdan razı qaldım. Klubda hər şey qaydasındadır. Kənardan baxanda hər şey rahat görünə bilər. Ürəkdən bu komandada oynamaq istəyən futbolçular hazırda bizimlədir. Çatışmayan cəhətlərimiz ola bilər. Lakin oyundan razı qaldım. Səfərdə olmağımıza rəğmən, çox pressinq etdik, rəqibə imkan vermədik. Bu səviyyədə oyunlara çox az çıxırıq. Polşa çempionatının səviyyəsi hamıya məlumdur. Cavab matçında çox dəyişiklik etmək fikrimiz yoxdur. Gerçəkləşdirmək istədiklərimizi daha yaxşı etməliyik. Nəticə üçün ən yaxşısını etməyə çalışacağıq. Bir həftə vaxtımız var. Bu, rəqibi daha yaxından tanımağımıza da kömək olacaq".


Təcrübəli mütəxəssis rəqibin onlardan üstün oynamadığını bildirib:


"Məğlubiyyətə səbəb Avstriyadakı yükləmə və ya düzgün olmayan məşq prosesi deyil. Sanki səhvlər axtarırıq. Komandamın bugünkü çıxışından razı qaldım. Polşada "Lex"in üzərinə getdiksə, hücum futbolu oynadıqsa, futbolçularımdan razı qalmalıyam. Təbii ki, 90 dəqiqəni eyni tempdə keçirmək mümkün deyil. Çatışmazlıqları, səhvləri aradan qaldırmağa çalışacağıq. Komandanı istədiyimiz səviyyəyə gətirməyə çalışırıq. Məğlub olduğumuz üçün hazırlığı və ya sistemi dəyişmək fikrimiz yoxdur".


Baş məşqçi hesab edir ki, mərhələ şansları bərabərdir:


"Hələ matçdan əvvəl demişdim ki, bu cütün favoriti yoxdur. Yenə də fikrimdə qalıram. Bu gün məğlub ola bilərik".


Mütəxəssis Toral Bayramov və Abbas Hüseynovun əsas heyətdəki yerlərini itirmələrinə də toxunub:


"Digərləri hazırda onlardan daha yaxşı durumdadır. Amma hər ikisinə güvənirik, əsas oyunçularımızdır. Qarşıdakı görüşlərdə də istənilən dəyişiklik ola bilər. Hər bir futbolçu verilən şansdan maksimum istifadə etməlidir".


Baş məşqçi son olaraq "Rəqibdən belə oyun gözləyirdinizmi" sualını cavablandırıb:


"Burada bəzi nüanslar var. Hiss olunurdu ki, ehtiyatlanırdılar. Bunu nəzərə almışdıq, sürpriz deyildi. Biz yenə öz oyunumuzu göstərməyə və daha da yaxşılaşdırmağa çalışırıq".


Digər xəbərlər