Xızının icra başçısı, idman idarəsi rəisindən biganəlik: Şəhidin xatirə turnirinə gəlmədilər

Xızının icra başçısı, idman idarəsi rəisindən biganəlik: Şəhidin xatirə turnirinə gəlmədilər
Digər, Eksklüziv, Tribuna
29 İyun 2022 - 16:07
Uca Allah Qurani Kərimdə şəhidlərin ölmədiyini, diri olduğunu bəyan edib. Şəhidlik zirvəsi ən yüksək məqamlardan biridir. Böyük təəssüf hissiylə ölkəmizdə bunun dəyərinin anlamayanlara da rast gəlirik. Şəhidlər, qazilər Vətənin düşməndən azad olunması, qorunması üçün canlarını fəda edirlər. Qəhrəmanlara qarşı bəzi məmurların biganə münasibətindən xəbərdar olan cəmiyyət də belələrini sərt tənqid atəşinə tutur.

Azərbaycanın varlığı üçün canlarından keçənlərə hörmətsizlik qəbulolunmazdır. Çox təəssüf ki, iyunun 25-26-da Xızının Şorabad qəsəbəsində Gənclər və İdman Nazirliyi, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən Vətən müharibəsi şəhidi Elməddin Cəfərovun xatirəsinə həsr olunan sambo üzrə turnirə rayonun icra başçısı Xəzər Aslanovla gənclər, idman idarəsinin rəisi Kamran Quliyev ögey münasibət göstərib. X.Aslanovla K.Quliyev yarışa gəlməyə ehtiyac duymayıb. Hətta İcra Hakimiyyətindən nümayəndə də göndərilməyib. Halbuki əvvəlcədən Gənclər və İdman Nazirliyi bu haqda Xızının müvafiq qurumlarını məlumatlandırıb. İcra başçısıyla, idarə rəisinin belə biganə münasibəti yarışın təşkilatçıları, iştirakçıları tərəfindən kəskin etirazla qarşılanıb.

Turnirin açılış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, milli komandanın baş məşqçisi Bəxtiyar Hacıyev, məşqçi Səhriman Ağayev də iştirak edib. İlk dəfə təşkil olunan yarışda 10 rayon, şəhərdən 100-dən çox idmançı mübarizə aparıb.





Xızıda şəhidin xatirə turnirinin təşkilində bütün varlığını sərf edən Gənclər və İdman Nazirliyinin baş məsləhətçisi, əməkdar məşqçi Tofiq Eyvazov rayon rəhbərliyinin, gənclər, idman idarəsi rəisinin məlum münasibətinin biabırçılıq olduğunu bildirib.

"Allahın köməyilə şəhidimizin xatirə yarışının yüksək səviyyədə təşkili üçün əlimizdən gələni etdik. Hətta Sumqayıtdan Xızıya keyfiyyətli xalçalar da aparmışdıq.

Ancaq çox təəssüf ki, Xızıda şəhid Elməddin Cəfərovun xatirə turnirində böyük hörmətsizlik oldu. İcra başçısı, idman idarəsinin rəisi yarışa gəlmədi. Hətta şəhidə dərs keçmiş məktəb direktoru da turnirə gəlməyi özünə sığışdırmadı. Onların şəhidə ögey münasibəti bağışlanmazdır. Necə olur ki, paytaxtdan, başqa bölgələrdən 15-20 qazi, hətta Vətən müharibəsində hər iki gözünün nurunu itirən Kamran Baxşıyev yarışa gəlir, Xızının rəhbərliyi isə yox? İcra başçısı Xəzər Aslanov, başqa şəhidlərin də xatirə turnirinə həmişə biganə yanaşıb. Onunla qəbul otağında görüşmək istəsəm də, deyib ki, mənə idman lazım deyil, vaxtım yoxdur. İcra başçısının belə münasibəti dövlət siyasətinə qarşı çıxmaqdır və bu, qəbulolunmazdır. Mərhum prezident Heydər Əliyev bildirmişdi ki, idmana dəstək verən mənə kömək edir, idmana mane olan mənə qarşı çıxmış olur. Çox təəssüf ki, bu gün ölkəmizdə şəhidlərə, qazilərə, idmana dəyər verməyən bəzi məmurlar var".

Xızı rayon icra başçısı Xəzər Aslanovla məsələylə bağlı danışmaq istəsək də, zəngimiz cavabsız qaldı.



Qeyd edək ki, şəhid Elməddin Cəfərov vaxtilə samboyla məşğul olub. Elməddin 2020-ci ilin 27 sentyabrında Qarabağda növbəti döyüşlər başlayan ilk gündən ön cəbhədə erməni terrorçularına qarşı vuruşub. Onların dəstəsi ilk dəfə 4 oktyabr tarixində pusquya düşürülür. Lakin Elməddin və silahdaşları bu mühasirədən sağ-salamat çıxa bilirlər. O, yaralı komandirini 12 km məsafədə mərmi yağışı altında, heç bir qorxu bilmədən, öz çiyinlərində təhlükəsiz əraziyə çıxarır. İkinci dəfə 8 oktyabrda pusquya düşən dəstə böyük itkilər verir. Elməddin Cəfərov 33 yaşında Füzulidə aldığı qəlpə yaralarından şəhidlik zirvəsinə yüksəlir.

Şəhidimiz ölümündən sonra ölkə prezidenti İham Əliyevin sərəncamına əsasən "Vətən uğrunda", "Xocavənd, Füzuli, Cəbrayılın azad olunmasına görə" medallarıyla təltif olunub.

Anar Cəfərsoy

 

 

Digər xəbərlər