"Qarabağ" böyük turnirlərə yaraşan komandadır"

"Qarabağ" böyük turnirlərə yaraşan komandadır"
Futbol
06 Oktyabr 2021 - 15:33
"Qarabağ"ın müdafiəçisi Kevin Medina maraqlı açıqlama verib.

Supersport.Az klubumuzun saytına istinadən xəbər verir ki, kolumbiyalı futbolçu komandasının UEFA Konfrans Liqası və Azərbaycan Premyer Liqasındakı çıxışı barədə danışıb:

"Mövsümə uğurlu başlamağımızın səbəbini yaydakı təlim-məşq toplanışı ilə əlaqələndirmək olar. Toplanışı yaxşı keçirmişdik və yüksələn xətt üzrə inkişafımız göz önündədir. Oyundan oyuna performansımızı daha da artırırıq. Mövsümə yaxşı başlamığımızı daha çox bununla əlaqələndirirəm. Konfrans Liqasının təsnifat oyunlarını uğurlu adladıq və qrup mərhələsinə vəsiqə qazandıq. Qrup mərhələsinə də yaxşı başladıq. Yeni turnirdə tarix yazmaq istəyirik, bizim istəyimiz budur. Yerimizdə saya bilmərik, çox çalışmalıyıq və bunu komandanın hər bir üzvü başa düşür.

Azərbaycan çempionatında da işlərimiz yaxşı gedir. Ümumiyyətlə, doğru yolda olduğumuzu düşünürəm. Məqsədimiz çempion olmaqdır. Çalışacağıq ki, ötən mövsün buraxdığımız səhvləri təkrarlamayaq və bundan dərs çıxaraq. Premyer Liqada 1-ci olub, Çempionlar Liqasının təsnifat mərhələsində çıxış etmək istəyirik. Bu turnirdə iştirak etmək həm "Qarabağ"ın, həm də azarkeşlərimizin istəyidir. "Qarabağ" böyük turnirlərə yaraşan komandadır. Çempionatda asan rəqib yoxdur. Onların da hədəfləri var və buna görə çalışırlar. Lakin bizim də məqsədimiz çempionluqdur və bu arzu dəyişmir".

Kevin Medina öz oyunu barədə bunları deyib:

"Ötən mövsümlə müqayisədə özümü daha çox inamlı hiss edirəm və oyunumda inkişaf görürəm. Bəzi çatışmazlıqlarım var idi və keyfiyyətlərimi artırmaqla komanda yoldaşlarıma kömək etməyə çalışıram. Bu şəkildə müdafiə xəttində etibarlılıq artır və bunun fərqindəyəm. Məqsədim daha inkişaf etmək və səviyyəmi artırmaqdır. Bu yolla komanda yoldaşlarıma daha çox kömək etmək istəyirəm.

"Qarabağ"ı tanıyan hər kəs məqsədlərimizi də bilir. Bizim öz dəst-xəttimiz var. Bunun da əsas pay sahibi baş məşqçimiz Qurban Qurbanovdur. Komandamızın əsas lideri odur. O, hər birimizdən potensialımızdan maksimum istifadə etməyimizi istəyir və buna da nail olur. Komandamızın uğurlarının əsas faktorları da budur".

Qeyd edək ki, UEFA Konfrans Liqasının qrup mərhələsində II turun statistik göstəriciləri açıqlanıb.

"Qarabağ" klubundan Kevin Medina ən çox dəqiq ötürmə verən futbolçular siyahısına düşüb.

27 yaşlı müdafiəçi Kiprdə "Omoniya"ya 4:1 hesabı ilə qalib gəldikləri görüşdə 86 dəfə dəqiq ötürmə verib. Kolumbiyalı oyunçu bu göstəricidə İngiltərə "Tottenhem"indən Kristian Romero ilə birlikdə 4-5-ci yerləri bölüşdürür.

Danimarka "Kopenhagen"indən Nikolay Boylesen (106) siyahıya başçılıq edir. "Tottenhem"dən Harri Uinks (95) ikinci, Finlandiya HİK-indən Valtteri Moren (86) üçüncüdür.

İlk turda Bakıda İsveçrə "Bazel"i ilə qolsuz heç-heçə edən Ağdam klubu III turda Qazaxıstanın "Kayrat" komandasını qəbul edəcək.

Digər xəbərlər