“Neftçi” “Dinamo”yla dava etsin?” - Video

“Neftçi” “Dinamo”yla dava etsin?” - Video
Futbol, Video
13 İyul 2021 - 20:35

“Neftçi”nin baş məşqçisi Samir Abasov UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Gürcüstanın “Dinamo” (Tiflis) komandasına qarşı keçirəcəkləri cavab matçı öncəsi fikirlərini bölüşüb.



Supersport.Az paytaxt klubunun çalışdırıcısının düşüncələrini videogörüntüyə alıb.


- Sabah bizim üçün çox önəmli və xoş gündür. Çünki azarkeşlərimiz bizimlə olacaq. Bu işdə əziyyəti keçən hər kəsə təşəkkür edirəm. İstər idman nazirliyi, istər federasiya, istər TƏBİB.


Sabahkı oyunun gərginliyi hiss olunmağa başlayıb. İndidən ajiotajı görürük. Oyunun gərginliyini ilk matçda hiss etdik. Rəqibimizin hansı gücdə olduğunu bilirik. Gürcüstanda çempionatın ortasıdır və komanda tam hazırdır. Bu, bizə Gürcüstanda çətinlik yaratdı. Yaxşı nəticə ilə qayıtsaq da, bu, oyunumuzla üst-üstə düşmədi. Çalışacağıq ki, bu dəfə daha yaxşı oynayaq. Səfər qolu qaydası da ləğv olunub. Əvvəl buna arxayın olub, nəsə etmək olardı. İndi vəziyyət fərqlidir. Sabah öz oyunumuzu oynayıb, yaxşı nəticə əldə etmək istəyirik.


- "Neftçi" ilk oyunda özünə bənzəmirdi. Komandaya nə olub?

- Hər gedən oyunçunun komandaya təsiri olur. Əlbəttə, əsas heyət oyunçusu gedirsə, yeri bir müddət görünəcək. "Neftçi"yə nə olmuşdu? Doğrudan da, nələrsə baş verirdi. Oyunun içində bəzi qırılmalar var idi və bu da oyunumuza təsir etdi. Cinah müdafiəçiləri komandaya kömək edə bilmədi. Harramizi də fərqli mövqedə sınadıq. Düşünürəm ki, getdikcə daha yaxşı olacağıq. Nəticəni qırağa qoysaq, heç oyun da bizi qane etməmişdi. Sabah necə olacağını bilmirik. Öz oyunumuzu dəyişməliyik.


- Transferlərlə bağlı vəziyyət nə yerdədir?

- Transferlərə çox ehtiyacımız var. Çempionlar Liqasında da gərgin oyunlar bizi gözləyir. Bir neçə mövqeyə futbolçu lazımdır. Həqiqətən, anlamıram ki, nə baş verir. Çalışırıq ki, düzəldək. Pulun olub-olmadığını deyə bilmərəm. Elə futbolçular var ki, heç danışıqlara girmək istəmir. Bu, hər kəs üçün çətinlik yaradır. Transferlərlə bağlı çətinlik çəkirik. İstədiyimiz futbolçunu gedib almaq gücündə olmalıyıq. Ən azı danışıqlar getməlidir. Əsas olan gedib futbolçunu almaq gücündə olmaqdır. Mənim üçün bu haqda danışmaq çox çətindir.


- Hazırkı "Neftçi" qruplara düşmək gücündədirmi?

- İndiki "Neftçi" çox yaxşı vəziyyətdə deyil. Biz hansı qruplardan danışırıq? Çempionlar Liqasıdırsa, bu, bir yuxudur. Ola da bilər. Avropa Liqası, Konfrans Liqası da var. Bunlar bundan sonra atdığımız addımlarla bağlı olacaq. Bu da birbaşa transferlərlə bağlıdır.


- Rəqibin baş məşqçisi "Neftçi"ni məğlub etmək gücündə olduqlarını dedi. Siz həmkarınıza nə cavab verirsiz? 

- Deyirsən, dava edək? (gülür) Səbrli ol, sabah görək nə olur.


- Bayaq dediyiniz gərginliyi aradan necə qaldırmaq olar?

- Bütün futbolçular bilir ki, oyunu izləmək üçün sabah stadiona ən azı öz tanışları, azarkeşlər gələcək. Nə deyə bilərik ki, gərginliyi, həyəcanı atsınlar? Futbolçular da gərginliyi hiss etməli, məsuliyyəti dərk etməlidirlər.


- "Dinamo" ilə oyunda heyətdə dəyişiklik olacaq? Mərt Çelik ilk oyunda səhvlərlə yadda qaldı...

- Müdafiədə yerdəyişmə etmək çox risklidir. Belə bir məqamda bunu etmək ağılsızlıq və risk olar. Əlimizdə olan hər bir futbolçunu oynadırıq.


Digər xəbərlər