Qurban Qurbanov: "Azarkeşsiz oynamağımız rəqibin üstünlüyüdür" - Video

Qurban Qurbanov: "Azarkeşsiz oynamağımız rəqibin üstünlüyüdür" - Video
Futbol, Video
17 Avqust 2020 - 16:23
Supersport.Az UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Şimali Makedoniyanın "Sileks"ini sınağa çəkəcək "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun fikirlərini videogörüntüyə alıb. 

"Çox danışmağa ehtiyac yoxdur. Bir oyundan ibarət mərhələdir. Buna görə də çox diqqətli və məsuliyyətli olmalıyıq. Oyun təcrübəmiz yoxdur.Problemlərə yol verməməliyik. Futbolçular pis hazırlaşmayıblar, hər şeyi gözəl dərk edirlər. Meydanda yaxşı mübarizə olmalıdır".

Təcrübəli mütəxəssis, rəqibin çempionatda son iki oyununu izlədiklərini, topla oynamağa üstünlük verdiyini bildirib:

"Burada necə oyun göstərəcəklərini bilmirik. Topla oynamağı sevmələri bizə çətinlik yarada bilər. Ot örtüyündə problemlər var. Bizdə belə çatışmazlıqlar olur. İşçilər çalışırlar oyuna qədər tam hazır etsinlər".

48 yaşlı baş məşqçi yeni transferlərin uyğunlaşma prosesini normal hesab edib:

"Qəbələdə özlərini yaxşı tərəfdən göstərməyə çalışdılar. Rəsmi oyuna çıxmayıblar. Çalışırlar komandaya uyğunlaşsınlar. Bu turnirdə zəif komanda olmur. Futbolçularımız da artıq təcrübəlidirlər. Əvvəlki illərdə ola bilsin ki, hansısa rəqibin zəif olduğunu düşünüblər və meydanda bunun əksini görüblər. İnanmıram ki, oyunçularda arxayınlıq olsun. Bir oyundan həmişə ehtiyatlanmışam. Futbolçular buna çox əhəmiyyət vermir. Bizim üstünlüyümüz həmişə azarkeş amili olub. Çünki Bakıda 20-25 min azarkeşlə oynamışıq. Sabah azarkeşsiz oynamağımız "Sileks"in üstünlüyüdür".

Mütəxəssis yeni transfer Uroş Matiçin start heyətdə meydana buraxmaq istəyini gizlətməyib:

"Bir az gec qoşulub, əsas problemi budur. Amma təcrübəsi ilə bunu aradan qaldıracaq. Rəqibin sağ və sol cinah hücumçuları sürətlidir. Sağ cinah müdafiəçiləri də tez-tez hücuma çıxır. Fərdi cəhətdən yaxşı oyunçuları var. Düşünürəm ki, futbolçularla əlavə söhbətə ehtiyac yoxdur. Neçə illərdir bu yarışda iştirak edirik, bu turniri tanıyırıq. Çalışırıq futbolçuları həmişə psixoloji çətinlikdən uzaq tutaq".

Qeyd edək ki, avqustun 18-də Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Sileks" oyunu saat 20:00-da başlayacaq. Bu cütün qalibi II raundda "Şerif" (Moldova) - "Fola Eş" duelinin qalibi ilə qarşılaşacaq.

Digər xəbərlər