Kamran Quliyev: "Neftçi" hər brendlə işləyə bilməz" - Video

Kamran Quliyev: "Neftçi" hər brendlə işləyə bilməz" - Video
Futbol, Video
10 Dekabr 2019 - 23:00
"Neftçi" yeni sponsoru "Buta Global Enerji-Tekstil" şirkətiylə müqavilə imzalayıb.


Tədbirdə klub prezidenti Kamran Quliyev, Media və Marketinq Departamentinin rəhbəri Rüstəm Allahverdiyev, paytaxt təmsilçisinin bəzi futbolçuları, "Buta"nın baş direktoru Muhterem Ermez, qurumun PR meneceri Səməd Nəsibov iştirak edib. Anlaşmaya görə, şirkət klubun əsas komandasının rəsmi geyim tərəfdaşı olacaq. İki il müddətində “Buta” “Neftçi”yə 200 min manat xərcləyəcək.


Klub rəhbəri Kamran Quliyev açıqlamasında deyib:


"Son qələbənin ardından hamının əhvalı yaxşıdır. Klubumuzu tanıtmağa ehtiyac yoxdur. Ölkənin ən titullu, ən çox azarkeşə sahib komandasıyıq. Tarix boyu klubumuz nəinki Bakını, bütün ölkəni təmsil edib. Türkiyədə böyük “dördlük” varsa, Azərbaycanı təmsil edən klubların başında həmişə "Neftçi" gəlib. Türkiyə yığması Avropa çempionatında oyunlarını Bakıda keçirəcək. Onlara uğurlar arzulayıram".


O, bildirib ki, rəhbəri olduğu klub hər şirkətlə işləyə bilməz:


"Biz yeni ortaqlar axtarırıqsa, bəzi təşkilatlar da bizimlə əməkdaşlıqda maraqlıdır. Onlar da özlərini daha geniş auditoriyaya çatdırmaq istəyirlər. “Sarar” markası Azərbaycanda çox tanınan, qapılarını müştərilərə açan brenddir. Türkiyədə böyük ticarət mərkəzlərində bu brendi görmüşəm. “Neftçi” hər brendlə işləyə bilməz. “Sarar” adına görə də, işinə və səviyyəsinə görə də “Neftçi”nin uzunmüddətli partnyoru ola bilər. Bu şirkətə təşəkkürümü bildirmək istəyirəm. “Neftçi” ailəsinə xoş gəlmisiniz. İnanıram ki, azarkeşlər bu markanı daha yaxın hiss edəcəklər".


“Neftçi”nin prezidentinin fikrincə, hazırkı çətin dövründə futbolumuza dəstək olmaq ciddi addımdır:


"Futbolumuz parlaq dönəm yaşamır, çətinliklər mövcuddur. Hər dövrün öz göstəricisi var. Bəzən komandalarımız daha yaxşı çıxış edir. Futbolda sabitlik formulu yoxdur. Bu dövrdə hər hansı təşkilat futbola dəstək verirsə, bu, alqışalayiqdir. İnanmaq istəyirəm ki, digər şirkətlər də futbola dəstək olacaq, futbol xalq oyunudur. Biz digər idman növlərində uğur qazanırıq, amma futbola maraq sönməyib. İstənilən dövrdə bu idman növünü izləyənlər çox olub. Belə çətin dövrdə futbola dəstək olmaq böyük işdir. Buna görə təşəkkür edirik".


“Buta Global Enerji Tekstil”in baş direktoru Muhterem Ermez isə çıxışında “Neftçi”yə hər zaman dəstək verəcəklərini söyləyib:


“Hər kəsə təşəkkür edirəm. “Buta Global Enerji Tekstil” olaraq Azərbaycan və Türkiyədə 2012-ci ildən fəaliyyət göstəririk. Enerji və telekommunikasiya sahələrində fəaliyyət göstəririk. Bizə bu fürsəti yaradan hər kəsə təşəkkür edirəm. Şirkətimiz 2012-ci ildə Türkiyədə yaranıb. Tekstil və telekommunikasiya sahəsində öncüllərdən biriyik. AZAL-ın rəsmi tədarükçülərindənik. Bundan sonra ölkənin böyük klublarından birinə geyim sponsoru olacağıq. Çox qürurluyuk. İnşAllah, klub Avropada, dünyada səs gətirəcək nəticələrə imza atacaq. Biz hər zaman dəstəyimizi verəcəyik. Türkiyədə milli komanda sponsorluğu olub. Basketbol da var idi. Azərbaycanda hazırda futbolla maraqlanırıq. Bura gəliş səbəbimiz “Neftçi”dir. Bu klubun rənglərinə aşiqik. Türkiyədə də “Beşiktaş”a azarkeşlik edirik. Bizdə rəngli olmur, sadəcə “ağ-qara”.


Klub rəhbəri daha sonra jurnalistlərin suallarını cavablandırıb.


- "Sarar"ın “Qəbələ” ilə müqaviləsi olub. Onların aqibəti göz önündədir. Qorxmursunuz ki, eyni durumla üzləşəcəksiniz?


- “Qəbələ”nin son illərdə qazandığı uğurlar Azərbaycan futbolu üçün nümunədir. Xüsusən də uşaq futbolu ilə bağlı. İnanıram ki, “Qəbələ”nin aqibəti yaxşı olacaq. “Sarar"ın “Qəbələ”yə xeyri dəyib, ziyanı olmayıb.


- Ötən il Türk Hava Yolları ilə müqavilə bağlamışdınız. Bəlkə bunun yolunu Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevə də öyrədəsiniz. Həmişə gileylənir ki, sponsorlar gəlmir...


- Bu, son müqavilə deyil. Gələcəkdə də tərəfdaşlarımız olacaq. Bu prizmadan baxmazdım. Əvvəllər PFL-in sponsorları olub. İnanmaq istəyirəm ki, PFL-in də işi alınacaq. Ramin müəllim təcrübəli adamdır. PFL-ə yeni sponsor arzulayıram.

Digər xəbərlər