Çempion "Sumqayıt-70" - Əzmkar "Füzuli" - Şəkil

Çempion "Sumqayıt-70" - Əzmkar "Füzuli" - Şəkil
Futbol, Foto
15 İyul 2019 - 13:03
Supersport.Az-ın məlumatına görə, iki aydan çox davam edən mini futbol üzrə turnir Bakıda başa çatıb.

Futbol festivalı xarakteri daşıyan yarış Azərbaycanın 7 zonası üzrə keçirilib.

Şimal bölgəsi (Quba, Qusar, Xaçmaz, Şabran) - Qusarda, Mərkəzi Aran bölgəsi və ətraf rayonlar (Beyləqan, Füzuli, Ağcabədi, Xocavənd) – Xocavənddə, Cənub bölgəsi (Astara, Lənkəran, Cəlilabad, Lerik, Masallı) – Astarada, Gəncə zonası (Gəncə, Göygöl, Tovuz, Ağstafa, Naftalan) – Göygöldə, Qax zonası (Şəki, Qax, Zaqatala, Balakən) - Qaxda, Sumqayıt zonası (Abşeron, Bakı, Sumqayıt, Şamaxı, Xırdalan) – Sumqayıtda təşkil olunub. Zona qalibləri Bakı finalında qarşılaşıblar.

Final mərhələsində 8 komanda mübarizə aparıb:

"Füzuli" FK (Füzuli rayonu), "Xəzər Lənkəran" (Lənkəran şəhəri), "Kürmük" (Qax rayonu), "Premier" (Quba rayonu), "Gəncə" (Gəncə şəhəri), "Novxanı", "Abşeron", "Sumqayıt – 70".

"Sumqayıt – 70" finalda "Abşeron"u məğlub edib. Oyunun əsas vaxtı 2:2 hesabıyla bitdiyindən penaltilər seriyasından istifadə olunub. Sumqayıt təmsilçisi daha dəqiq zərbələrlə çempion olub. Qalib komandanın heyətində Sabir Allahquliyev, Ruslan Poladov kimi peşəkar futbolçular çıxış edib. 

Yarışda mübarizliyi ilə diqqət çəkən Vasif İsmayılovun çalışdırdığı Füzuli təmsilçisi üçüncü yeri tutub. "Füzuli" "Xəzər Lənkəran"ı 1 qolla məğlub edərək bürünc medallara sahib çıxıb. Füzuli komandası ilk görüşdə favoritlərdən sayılan "Novxanı"nı mübarizədən kənarlaşdırıb. Paytaxt klubunun heyətində peşəkar futbolçulardan Asif Məmmədov, Samir Zərgərov da forma geyib. "Füzuli" yarımfinalın əsas vaxtında çempion "Sumqayıt-70"lə bərabər mübarizə aparıb. Qollu bərabərliklə başa çatan oyunda Sumqayıt klubu penaltilərlə qələbəyə sevinib.     

"Xəzər Lənkəran""ın heyətində iki yeniyetmə - 14 yaşlı futbolçu oynayıb və xoş təsir bağışlayıblar.  

Çempion "Sumqayıt" 1000, "Abşeron" 600, "Füzuli" isə 400 manat mükafat qazanıb.

Futbol festivalının keçirilməsinin məqsədi Azərbaycanda futbolun inkişafına dəstək vermək, futbol həvəskarlarının asudə vaxtlarını səmərəli keçirmələrinə şərait yaratmaq, paytaxtla yanaşı, bölgələrdə də mini futbolun kütləviliyini artırmaqdır. Respublikanın 7 bölgəsini əhatə edən festivala ümumilikdə 48 komanda, o cümlədən yüzlərlə iştirakçı və onlarla könüllü qatılıb. Bütün komandaların üzvlərinə, hakimlərə, dəvət olunmuş qonaqlara, könüllülərə hədiyyə verilib.
Tədbir çərçivəsində viktorinalar keçirilib. Futbola aid hərəkətləri ən yaxşı yerinə yetirən uşaq, yeniyetmə və gənclərə idman dəstləri, top və digər futbol ləvazimatları hədiyyə olunub.

 

Digər xəbərlər