Niyə Riçardı yox, Mirabdullanı seçdiniz, niyə?

Niyə Riçardı yox, Mirabdullanı seçdiniz, niyə?
Futbol, Yazarlar
31 Dekabr 2018 - 16:33


Komandası heç bir titul qazanmayıb - çempion olmayıb, Azərbaycan kubokun sahib çıxmayıb, avrokuboklarda da ilk mərhələdə biabırçılıqla üzləşib.

Bəlkə özü yığma komandanın heyətində xarüqələr yaradıb?

Yox. Bəs nə edib?

Azərbaycan çempionatının 14 turu ərzində “Keşlə”, “Sabah”, “Səbail” kimi komandaların qapısına 3-4 qol vurub. Vəssalam. Məhz  bu amil kifayət edib ki, Azərbaycanın futbol ictimaiyyəti onu ilin futbolçusu seçsin.

Azərbaycanın futbol ictimaiyyəti birinci dəfə deyil ki, başın yox, dalın seçimini edir. Bir neçə il əvvəl çempionatı sonuncu pillədə bitirmiş bir komandanın da futbolçusunu ən yaxşı hesab etmişdi bu futbol ictimaiyyəti.

Futbol beyin oyunudur. Bu, çoxdan sübut olunmuş teoremdir. Deməli, beyin oyunu futbol, beyinlərin olduğu ölkədə mövcud olmalıdır.  Beyni olmayıb, dalı ilə fikirləşənlərin “bizdə niyə futbol yoxdur” sualını verməsi elə başla dalın yerinin səhv düşməsi kimi bir şeydir.
Riçard Almeyda bu il həm Azərbaycan çempionu olub, həm də Qazaxıstan. Avropa Liqasının qrup mərhələsində də iştirak edib. Özü də yetərincə uğurlu.

Elə onu qeyd edək ki, komandası qrup mərhələsində 8 xal toplayıb. Almeyda Azərbaycan yığmasında da mütəmadi olaraq meydana çıxıb, qollar vurub. İl ərzində başqa heç bir azərbaycanlı futbolçunun qazanmadığı nəticələri əldə edib.

Bəs onda niyə Riçard yox, Mirabdulla?

İcazə verin, iddia edim ki, futbol ictimaiyyəti beyinsizdir. Yox, mənim iddiamın əksinə çıxıb, beyninizin olduğunu təkid etsəniz, onda başqa bir məntiq ortaya çıxır.

Deməli, siz Mirabdullaya sırf azərbaycanlı olduğu üçün səs veribsiniz, eləmi? Bələdirsə, bunun adı əclaflıqdır.

Bu, ümumiyyətlə, insanlığa sığmayan seçimdir. Riçard Almeyda Azərbaycan pasportu daşıyır, Azərbaycan yığmasının şərəfi üçün meydana çıxır, deməli, azərbaycanlıdır və özünə qarşı ayrı-seçkiliyi haqq etməyib.

Amma mən yenə də ümid edirəm ki, siz bu amili nəzərə alıb, Mirabdullaya səs verməyibsiniz. Siz yalnız və yalnız beyninizin olmadığı üçüm dalınızla düşünüb səs  veribsiniz. Bu, daha yaxşıdır.

Məni dəli edən başqa bir amil də var. Azərbaycanlı mütəxəssislərdən onsuz da belə seçim gözləyirdim.

Bilirəm ki, azərbaycanlı mütəxəssislərin 90 faizi dümbələklərdir, onlarda mövqe, ədalət hissi, vicdan anlayışı yoxdur.

Bəs jurnalistlər?

Onlar niyə belə seçim ediblər. Azərbaycanın idman jurnalistikası dümbələk futbol mütəxəssislərinin səviyyəsinə çatdı axır ki... Ura!

Jurnalistlərimiz mütəxəssisləri dəyişə bilmədi, əvəzində özləri onlara oxşadılar.  Çox hörmətli Mahir müəllim, başa düşürəm, “Futbol+” qəzetinin bu seçimə təsiri yoxdur. Siz yalnız sorğunu təşkil edibsiniz.

Amma görürsünüz ki, ortada böyük bir mövqesizlik, ədalətsizlik var. Belə dümbələklərin sayəsində, qəzetin də nüfuzuna zərər dəyir.

Ya bu sorğunu ləğv edin, ya da formatını dəyişin, dümbələk-mütəxəssislərin mövqeyini öyrənməyin.

Tüpürün onların mövqeyinə. Amma sizi əmin edirəm, tüpürmək üçün nəsə tapa da bilməyəcəksiniz. Mövqeyi olmayanların mövqeyinə necə tüpürmək olar?

Gəlin onların mövqesizliyinə tüpürək.

Niyə Riçardı yox, Mirabdullanı seçdiniz? Niyə də?

Natiq Muxtarlı

Digər xəbərlər