Qurban Qurbanov ehtiyatlı danışdı

Qurban Qurbanov ehtiyatlı danışdı
Futbol
31 İyul 2018 - 19:00
Supersport.Az-ın məlumatına görə, Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində "Kukesi"ni qəbul edəcək "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

- Çox vacib oyuna çıxırıq. Baxmayaraq ki, səfərdə 0:0 hesablı nəticə qazanmışıq. Həmişə demişəm, səfərdə qol buraxmamaq vacibdir. Cavab matçında həddindən artıq ehtiyatlı və diqqətli olmalıyıq. Bəzən səbrli olmaq lazımdır. Oyun ərzində çalışmalıyıq ki, hər bir fürsətdən düzgün yararlanaq. Futbolçuların hamısı oyuna hazırdır. Çalışırıq ki, oyunda bəzi detalları yaxşılaşdıraq. Rəqibin müsahibələrindən görünür ki, onlar çox inamlıdırlar. Çox istəyirik ki, sərfəli nəticə bizim tərəfimizdə olsun.

- Siz adətən deyirsiniz ki, ilk oyundan sonra rəqib komanda haqda ətraflı məlumat alırıq. "Kukesi" haqda yetərli məlumat aldınızmı?

- Demək olar ki, onları tam yaxından tanıdıq. Sadəcə, bizim oyunda onlar fərqli heyətlə çıxdılar. Ola bilər ki, bəzi dəyişikliklər etsinlər. Biz yenə də hər şeyə hazır olmalıyıq.

- Onların futbolçuları dəfələrlə "Qarabağ"ın güclü olduğunu deyirlər, sizcə, bu bir manevrdirmi?

- Bizim futbolçularımız təcrübəlidir. Onlara hər gün rəqib haqqında məlumatlar veririk. Rəqibin hər hansı açıqlaması bizim oyunumuza təsir etməməlidir.

- Delarj və Emeqara start heyətində oyuna çıxacaqlarmı? 

- Belə deyək, həm Emeqara, həm də Delarj hazırda istədiyim dərəcədə hazır deyillər. İkisindən biri əsas heyətdə olacaq.

- Komandanın qol buraxmamaq istəyi alınır, lakin qol vurmaq istəyi alınmır. Bu sizi narahat edirmi?

- Sizcə, narahat edirmi? Bu amil bizi narahat edir, lakin bu mərhələlərdə qol sayı az olur. Biz daha çox qol vurmaq istəyirik.

- İlk oyunda hər kəs gördü ki, "Qarabağ" daha üstündür. Armando Kunqunun müsahibələrindən görünür ki, onlar oyunu penalti vuruşlarına aparmaq istəyir. Bununla bağlı nə deyərdiniz?

- Hər məşqçinin fikirlərinə hörmətlə yanaşıram. Cavab oyunun taleyi həll olunmalıdır. İstər 90 dəqiqədə, istərsə də 120. Biz buna hazır olmalıyıq.

- Abdullah Zubir oyuna tam hazırdırmı?

- Oyundan əvvəl onun hazırlığını yoxlayıb, qərar verəcəyik.

Digər xəbərlər