Tahir Süleymanovdan klublara məsləhət

Tahir Süleymanovdan klublara məsləhət
Futbol, Tribuna
13 İyul 2018 - 21:41



Futbol mütəxəssisi Tahir Süleymanov klublarımızın Avrokuboklarda startına qiymət verib.

"Neftçi" nəticə olaraq Avroliqaya yaxşı başladı.
Oyundan öncə, sonra ruhumuzla lazımı səviyyədə komandaya dəstəyimizi vermişik. Hər zaman olduğu kimi bundan sonra da belə olacaq...
Yaxşını qeyd etməklə yanaşı tənqidlər də olacaq. Tənqidlərin özü də pozitiv, xoş niyyətli olmalıdır. Son həftələrdə dəfələrlə azarkeşlər "Neftçi"nin durumu, transferləri, sabahı ilə bağlı təhlillərimizi istəyiblər. Təbii, bunlar hamısı var, analizlər edilir. "Neftçi" daimi futbol ictimaiyyətinin diqqət mərkəzindədir. Klubla bağlı atılan addımların doğru olub-olmadığnı bilmək istəyirlər. Bu onların haqqıdır. Bununla yanaşı dəyərli fanat-azarkeşləri səbirli olmağa çağırmışam...
Müsbət, mənfi məqamlar kifayət qədərdir. "Neftçi" ruhunun oyanması, keçmiş əzəmətini qaytarması üçün indi dəstəyə daha çox ehtiyacı var. Təbii, işlərin düzgün qurulduğu anda hər zaman dəstək görəcəklər...
Tək "Neftçi" adına deyil, "Qəbələ", "Keşlə"nin gözlənilməz/gözlənilən "cırtdan"lar qarşısında fiaskosu fonunda "Uypeşt" üzərində qələbə Azərbaycan klub futbolunun Avropada tam biabır olmamasını təmin etdi. Digər klublar "ayılmalı", "Qarabağ", "Neftçi" isə yolunu davam etməlidir...
Ümumi klub reytinqinin aşağı düşməsinə imkan vermək olmaz. Necə ki, son illərin uğursuz dönəmindən sonra min əziyyətlə yığılmış və havaya sovrulmuş reytinq xallarının olmaması acısını "Neftçi" çəkməkdədir. Hər qələbə, heç-heçə, mərhələ keçidi önəmlidir...
Azərbaycan futbolu yaxşı günlərini yaşamır. Bunun obyektiv, subyektiv səbəbləri var. Son 6-7 ildə Avropada qazanılan klub nüfuzumuzu qorumaq məcburiyyətindəyik. Əks halda tam bataqlığa düşülə bilər. Ölkə futbolundakı problemlər, 8 komandalı çempionatın fəsadları, klub idarəçiliyi, məşqçi, futbolçu səriştəsizliyi artıq özünü əyani olaraq nəticələrdə göstərir. Yenə ictimaiyyətdə "təbliğat" mexanizmi işə düşüb, "pulsuzluq" bəhanələri başlayıb. Qarşıda "Lill", "Borussiya", heç Polşa, Macarıstan klubları da deyil. Bezotosnı, Stankoviçin illik müqavilələri ilə "Proqres"in adı kimi 2-3 illik tərəqqisini təmin etmək olar. Son illərin "Neftçi" "oyun"ları indi də "Qəbələ"yə yoluxmaqdadır. Flaqman 3-4 ildən sonra qismən xilas olunduğu kimi "Qəbələ"yə də dəstək olmalıyıq. Bir şərtlə, uğursuzluq "pulsuzluq"da deyil, işə yanaşmada axtarılmalıdır. Yanlış düşüncə olsa, "Qəbələ" də "Xəzər Lənkəran", "Bakı", "Karvan", MKT Araz və digər klubların taleyini yaşaya bilər. Buna imkan verilməməlidir.
"Keşlə"nin fiaskosu isə gözlənilən idi. Mövcud durumda "maksim" pulemyotu ölkə daxilində keçərli ola bilər, Avropada hətta "Balzan"ın da balından dadmaq müşkülə çevrilir. Klub artıq həvəskar komandanı xatırladır...
"Qəbələ", "Keşlə" toparlanmalı, cavab qarşılaşmalarına inamla yanaşmalıdırlar. Nəticələr nə qədər acınacaqlı olsa da, rəqiblərin səviyyəsini nəzərə alsaq, mümkünsüz deyil. Qəbələlilər rəqib meydanda öz tərəqqisini təmin etməli, "Keşlə" isə evdə maltalıların adından balını qoparıb yola salmalıdır. Hələ heç nə itirilməyib...
"Neftçi" azarkeşi sevinir, komanda özünəinamı qaytarmaqdadır. Uzun illərdən sonra "Neftçi" fanatlarının qələbə ruhu yaşamağa, dadını çıxarmağa haqqları var.
Qarşıdan cavab oyunu gəlir. Rəqib meydanda da qələbəni təmin etmək olar. Eyforiyaya qapılmamalıdır. Artıq bu hisslər görünür...
Görüşdən dərhal sonra klub rəhbərliyinin mükafat istəyi, futbolçuların bundan imtinası qabardılır...
Etməyin, dostlar!
Anlaşılandı, yeni rəhbərlik ilk dəfədir Avroliqa həyəcanı yaşayır. "Neftçi" böyük klubdur. Sıradan bir qələbə bu qədər eyforiyaya yol açmamalıdır. Daha təmkinli davranılmalıdır...
Avroliqa görüşləri çempionat oyunları deyil, mükafat bir matça verilməz. "Neftçi" kimi klubda nəinki oyuna, heç bir mərhələyə də mükafat verilməməli, uğur sayılmamalıdır. Ancaq bonus halı ola bilər. Məğlubiyyət olarsa, bonuslar silinməklə cəzalar tətbiq edilər və edilməlidir də...
Avroliqa, ümumiyyətlə hər bir yarışda mükafat sistemi öncədən nizamlanır və komandaya elan olunur. Məşqçi, futbolçular da bilirlər ki, "Neftçi"nin adına uyğun hansı nəticəyə nə düşür. "Neftçi" kimi klubun öz hədəfləri olur və bu hədəflər bir mərhələ eyforiyası-mükafatı ilə ölçülməməlidir.
"Uypeşt"in baş məşqçisi Bakıya səfərindən gileylənib, iki futbolçusunun viza ala bilməməsində birbaşa klub rəhbərliyini günahlandırıb. Həqiqəti bildirib...Balaca, tranzit təyyarə məsələsində isə "Neftçi" kimi varlı klub olmadıqlarını vurğulayıb. Artıq məğlubiyyətə baş məşqçinin hərtərəfli bəraəti var.
Klubda rəhbər, məşqçi, futbolçuların öz vəzifələri, öhdəlikləri olur. Elə olmasın ki, hansısa məğlubiyyətdən sonra baş məşqçi rəhbərliyi həvəskar düşüncədə, qeyri peşəkar yanaşmada suçlasın və futbolçuların konsentrasiyasını pozmaqla uğursuzluğu onların ayağına yazsın. Belə çıxır ki, dünən futbolçular mükafatdan imtina etməklə daha peşəkar olduqlarını göstəriblər. Klub rəhbərliyinin paltardəyişmə otağında olanları bu şəkildə ictimailəşdirməsi özlərinə qarşı yaxşı hal deyil.
"Neftçi" rəhbərliyində illərdi futbolda olmuş, mükafatlar almış insanlar da təmsil olunur. Onlar qeyd olunanları gözəl bilir, başa düşürlər. Futbolda təzə olanlara, futbol psixologiyasını, peşəkarlığını bilməyənlərə izahını versinlər. Bunun "Neftçi"yə ancaq xeyiri dəyə bilər. Digər tərəfdən isə "mətbəxi" bu şəkildə üzə çıxarmaq layiqli qazanılmış qələbədən ictimaiyyətin fikirini yayındırır...
Böyük klubda işə yanaşma zərgər dəqiqliyi ilə tənzimlənməlidir. Öndə pul, mükafat deyil, peşəkarlıq olmalıdır.
İstənilən klubda rəhbər, məşqçi, futbolçular bilməlidir. Meydanda hər yaşıl təbii ot, "yaşıl" dollar deməkdir. Məşqçi, futbolçular "yaşıl" pulları kabinetlərdə deyil, alın tərləri, qazandıqları layiqli nəticələrlə yaşıl meydanda "dərməli", "biçməlidir"lər.

Cavab qarşılaşmalarında klublarımıza qələbələr arzusu ilə...

Digər xəbərlər