"Qəbələ" - "Sumqayıt": 23-cü duelə doğru

"Qəbələ" - "Sumqayıt": 23-cü duelə doğru
Futbol
01 Aprel 2018 - 14:30
Topaz Premyer Liqanın 21-ci turunda “Qəbələ” öz meydanında “Sumqayıt”la üz-üzə gələcək.

Supersport.Az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, aprelin 2-də Qəbələ şəhər stadionunda baş tutacaq matç komandalar arasında 23-cü oyun olacaq. İndiyədək yalnız ölkə çempionatlarında yolları kəsişən rəqiblər 22 dəfə münasibətlərini ayırd edib. İlk görüşləri 7 il əvvələ təsadüf edən klubların duellərində üstünlük “Qəbələ”nin tərəfindədir. “Qırmızı-qaralar” əvvəlki matçların hamısında qol sevinci yaşayıblar. Bu da nəticələrdə öz əksini tapıb. Komandanın hesabında 15 qələbə və 5 heç-heçə var. “Sumqayıt” isə cəmi 2 dəfə qalib gəlib. Top fərqində də “Qəbələ” böyük üstünlüyə malikdir – 40:16. Düzdür, cari mövsümün hər iki oyununun taleyini cəmi 1 qol həll edib. “Qırmızı-qaralar” evdə də, səfərdə də 3 xalı 1 qolla qazanıblar.

Hər iki məğlubiyyətini səfərdə alan “Qəbələ” evdəki qarşılaşmalarda rəqibinə uduzmayıb. Komanda öz meydanındakı 11 görüşdən yalnız birində heç-heçə edib, 10 matçda isə azarkeşlərinə qələbə sevinci bəxş edib. Evdə 23 dəfə fərqlənən komanda yalnız 5 top buraxıb.

“Sumqayıt”la oyunlarda vurulan 40 topa “Qəbələ”nin 25 futbolçusu imza atıb. Daha bir dəfə rəqib futbolçu Cəmil Hacıyev öz qapısına qol vurub. “Qırmızı-qaralar”ın sumqayıtlılarla görüşlərdəki bombardiri Viktor Mendi 7, Aleksey Qay və Dodo hərəyə 3, Umar Kalabane, Baqali Dabo, Cavid Hüseynov və Lorenzo Ebesilio isə 2 qol vurublar.

Digər xəbərlər