"Futbolçularımız təkcə oynamalı deyil, həm də böyüməlidirlər"

"Futbolçularımız təkcə oynamalı deyil, həm də böyüməlidirlər"
Futbol
22 Mart 2018 - 17:12
Milli komandamızın baş məşqçisi Qurban Qurbanov Belarusla keçiriləcək yoldaşlıq oyunu öncəsi jurnalistlərin suallarını cavablandırıb. 

Supersport.Az-ın məlumatına görə, o, əvvəlcə sabahkı qarşılaşma ilə bağlı fikirlərini açıqlayıb.

- Hər birinizi salamlayıram. Bakıda ilk oyunumuz olacaq.  Hər bir futbolçu ciddi hazırlaşıb, istəklidirlər. Başa düşürlər ki, bizi hansı oyunlar bizi gözləyir. Vaxtımız var. Düşünürəm ki, hər bir futbolçuya öz fikrimizi çatdıracağıq. Sabahkı oyunda ən doğrusunu etməyə çalışacağıq.

- Legionerlərinizin durumu necədir? Xüsusilə Arazı sabah start heyətdə görə bilərikmi?

- Hər bir futbolçunun durumu yaxşıdır. Arazın start heyətdə oynamaq ehtimalı çoxdur.

- VAR sistemi ilə bağlı fikirlərinizi bilmək istərdik.

- Mən bu sistemin tərəfdarı olmuşam. Çünki hamımız ədaləti xoşlayırıq. Bəzən epizodlarda çox müzakirələr olur. Komandaların haqqı bilməyərək əlindən alınır. Böyük məmnuniyyətlə bu sistemdə iştirak etmək istəyərəm.

- Heyətə baxanda görürük ki, əsas hücumçulardan 2-sini U-21-ə göndərmisiniz. Bunu Rəşad sizdən xahiş etdi, yoxsa öz qərarınızdır?

- Onların potensiallarını yaxı bilirik. U-21-in oyunları da vacibdir. Onların sabahkı görüşdə oynamaq ehtimalı az idi. Sabah həmin mövqedə başqa futbolçuları yoxlamaq istəyirik. Buna görə narahat deyiləm. Qarşıdakı iki oyunda futbolçuları daha yaxından tanıyıb, şans verməyə çalışacağıq.

- Bu ildən etibarən millimiz hər iki cəbhədə - həm Millətlər Liqası, həm də seçmə mərhələdə mübarizə aparacaq. Hansına üstünlük verəcəksiniz?

- Bunlar tam fərqli turnirlərdir. Hər məşqçi istər ki, komandanı öz istədiyi kimi formalaşdırsın. Zəif komanda tanımıram. Bütün komandalar hər il daha da irəli gedirlər. Bizim zəif hesab etdiyimiz komandalar daha istəklidirlər. Millətlər Liqasında hər bir yığmanın şansı var. Komandamızı daha yaxşı hazırlaşdırmağa çalışmalıyıq. Futbolçular nəticəyə maksimum köklənməlidirlər. Belə olmasa, hansı turnirdə oynamağın heç bir fərqi olmayacaq. Təkcə Millətlər Liqası yox, digər turnirdə də şansımız var. Futbolçular bunu dərk etməlidirlər. Onlar təkcə oynamalı deyil, həm də böyüməlidirlər.

- Olmaz ki, beynəlxalq oyunları ya "Tofiq Bəhramov"da, ya da "Bakcell Arena”da keçirək?

- Bəli azarkeş amili çox böyükdür. Mən də ÇL-in qrup oyunlarının BOS-da keçirilməsinin tərfədarı deyildim. Mərkəzi arenada olmasını istəyirdim. Ən azından say baxımında yerlərimiz oldu. Oradakı oyunlardan heç də narazı qalmadım. Tofiq Bəhramov adına Respublika stadionu da ideal vəziyyətdədir. Mən bunda bir problem görmürəm. Qarşıda vaxtımız var. Ola bilər ki, hər iki stadionda oyunlarımız olsun. Mən hiss edirəm ki, futbolçularımız özlərini Bakı Olimpiya Stadionunda rahat hiss edirlər. Sizin üçün də hər şey ideal vəziyyətdə olmalıdır. Bunları da nəzərə alarıq.

- Ayaz Quliyev Rusiyanın U-21 yığmasına çağırıldı. Onunla bağlı fikriniz necədir? Onu da Ramil Şeydayev kimi ruslardan “oğurlamaq” olarmı?

- Bütün futbolçular nəzərimizdədir. Bu gün hansısa bir futbolçunun millimiz üçün faydası olacağını bilsək, onu bura gətirməkdən çəkinmərik. Hamısı ilə danışacağıq. Hər birini izləyirik.

- Sizin gəlişinizdən sonra hamı düşünürdü ki, milliləşdirilmiş futbolçuların yığmadan ayağı kəsiləcək. Amma belə olmadı. Bu, nə ilə bağlıdır?

- Hansı ölkəni dindirsən, deyəcək ki, bizim yaxşı futbolçuya ehtiyacımız var. Belədə görürük ki, bütün ölkələrdə milliləşdirilmiş futbolçular iştirak edir və sayları da günü-gündən çoxalır. Bizim istəyimiz odur ki, öz futbolçularımız daha yaxşı səviyyəyə çatsınlar. Amma biz hələ tam futbol ölkəsi olmamışıq. Yuxarı səviyyəyə çatmağımız çox çətindir. Biz başqa ölkədə futbolçu axtarırıqsa, o demək deyil ki, özümüzünküləri unuduruq. Hamısı ilə maraqlanırıq.(qol.az)

Digər xəbərlər