Azərbaycanda dopinqlə bağlı hesabat verildi

Azərbaycanda dopinqlə bağlı hesabat verildi
Digər
27 Dekabr 2017 - 16:00
Supersport.Az-ın məlumatına görə, Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) direktoru Şəfəq Hüseynli bu gün media nümayəndələrilə görüşərək, 2017-ci ildə qurum tərəfindən görülmüş işlər haqqında məlumat verib.

Görüşdə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova da iştirak edib.

Direktor bildirib ki, Azərbaycan Respublikası Prezidentinin ölkədə idmana göstərdiyi diqqət və qayğı sayəsində müvafiq qanunvericilikdə dəyişikliklər edilib və AMADA yaradılıb:

"Görülən işlər və əldə olunan uğurlar nəticəsində 2017-ci ilin fevral ayının 17-də AMADA Ümumdünya Antidopinq Agentliyinin (WADA) Məcəllə və Beynəlxalq Stanratlarına uyğun qurum hesab edilib. 2017-ci ilin noyabr ayında ÜADA-nın növbəti iclası zamanı AMADA-nın ötən bir il ərzində gördüyü işlər yüksək qiymətləndirilib və Azərbaycan Respublikası antidopinq sahəsində böyük addımlar atan və inkişaf edən nümunəvi ölkə kimi qeyd edilib".

Daha sonra AMADA-nın direktoru qurumun nailiyyətləri haqqında da məlumat verib. Ş.Hüseynli bildirib ki, AMADA 2017-ci ildə İSO 9001:2015 beynəlxalq sertifikatını qazanıb ki, bu da antiqdopinq sahəsində mühüm əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, bu təcrübəni bölüşmək məqsədi ilə WADA-nın dəvəti ilə növbəti, 2018-ci ilin mart ayında keçiriləcək mötəbər və önəmli simpoziumda çıxış edəcək.

O qeyd edib ki, növbəti ilin noyabr ayında Bakıda WADA İcraiyyə Komitəsi və Təsisçilərin Ümumi Yığıncağı konfransı keçiriləcək.

Ş.Hüseynlinin sözlərinə görə, 2018-ci ildə Cənubi Koreyada baş tutacaq Qış Olimpiya Oyunları zamanı ÜADA-nın dəvəti ilə AMADA-nın 2 əməkdaşı maarifləndirmə proqramında və dopinq nəzarətində iştirak edəcək:

"Cari ildə AMADA WADA-nın yekun hesabatını uğurla təhvil verib və WADA tərəfindən müsbət qiymətləndirilib. Dopinqə qarşı mübarizəni gücləndirmək məqsədilə AMADA dopinq vasitələrinin qanunsuz dövriyyəsi barədə qanunvericilikdə, xüsusən Cinayət və İnzibati Xətalar Məcəllələrində müvafiq dəyişikliklərin edilməsi layihəsini hazırlayıb və müvafiq qurumlara təqdim edib. Bu dəyişikliklər Milli Məclisin yaz sessiyasında müzakirə ediləcək. Yaşıl Qal! Ekoloji və iqtisadi cəhətdən təmiz fəaliyyət və təmiz idmanın təbliği üçün AMADA yaşıl ofis sisteminə keçir və buna dair müvafiq addımlar atır".

Bununla yanaşı mətbuat konfransında aşağıdakı mövzular barədə məlumat verilib:

ƏMƏKDAŞLIQ

AMADA, ölkədə dopinqlə mübarizənin effektiv şəkildə aparılması üçün müxtəlif qurumlarla birgə əməkdaşlıq edir.

Ölkədə fəaliyyət göstərən respublika idman federasiyaları ilə memorandum imzalanıb. Memorandumun mövzusu antidopinq qaydalarının tanınması, idmançıların maariflənidirilməsi və dopinqlə birgə mübarizədir.

Beynəlxalq federasiyalar və antidopinq təşkilatları ilə dopinq testinin səmərəli keçirilməsilə bağlı əməkdaşlıq müqaviləsi imzalanıb (UEFA). Bu müqavilələrin məqsədi digər ölkələrdə təlim-məşqdə olan, yaxud məkan məlumatında digər ölkəni, şəhəri (Rusiya, Dağıstan misal üçün) göstərmiş idmançıların test edilməsinin aydın və dəqiq şəkildə keçirilməsidir.

Dopinq vasitələrinin istifadəsinə qarşı mübarizənin gücləndirilməsi məqsədilə, hüquq-mühafizə orqanları ilə razılaşma memarandumları imzalanıb:

a. Dövlət Gömrük Komitəsilə gömrük sərəhəddindən keçirilən maddələr üzrə;

b. Daxili İşlər Nazirliyilə güclü təsir edən dopinq vasitələrinin qanusuz satışı və dövriyyəsi üzrə;

c. Dövlət Sərhəd Xidmətilə qeydiyyata alınmış idmançıların məkan məlumatı üzrə ölkədən giriş-çıxışını yoxlamaq üzrə; və

d. Milli Olimpiya Komitəsilə təmiz idmanın inkişafı üzrə.

TEST PROQRAMI

Milli Antidopinq Proqramı çərçivəsində:

2017-ci ildə ümumilikdə 471 test keçirilib. Bunlardan 278-ı yarışdan kənar müddətdə (57 qan və 221 sidik nümunəsi), 193-ü yarış müddətində edilib. Əlavə olaraq, 12 idmançının bioloji pasportu yaradılıb. (İdmançının bioloji pasportu 12 ay ərzində idmançıdan azı 3 dəfə dopinq testinin götürülməsi deməkdir.)

Milli proqramdan kənar beynəlxalq federasiyalar tərəfindən müraciətlər olur və onların müraciətləri əsasında AMADA test keçirir.

2017-ci ildə ümumi 207 test sifariş edilmişdir, bunlardan 167-i yarış müddətində, 40-ı yarışdan kənar təşkil edilib.

6 futbol oyunu zamanı 27 test, eyni zamanda, oyundan kənar 21 test keçirilib.

Bütün bu testlərin keçirilməsi üçün 93 missiya tələb olunub. Bu missiyalar 471 test, 334 idmançı, 22 idman növü və 3 paralimpiya idman növü əhatə edib.

ANTİDOPİNQ QAYDA POZUNTULARI

2017-ci ildə il həndbol idmanı üzrə 2, atletika 2, velosiped 3, bodibildinq 3 və ağır atletika üzrə 1 dopinq testi müsbət çıxıb.

Müsbət nəticədən başqa, yoxlamalar zamanı şübhəli nəticə sayılan atipik nəticə də olur. Bodibildinq idman növündə 1 bu cür hala rast gəlinib.

Antidopinq qaydalarına əsasən yalnız müsbət nəticə pozuntu deyil. İl ərzində qadağan edilmiş maddənin istifadəsi halları 1 dəfə, dopinq nəzarətindən imtina 2 dəfə, hətta könüllü şəkildə etiraf belə 1 dəfə və məkan məlumatı pozuntusu halları isə 8 dəfə baş verib.

Aşkarlanan qadağan edilmiş maddələr müxtəlif olub. 9 idmançıda anabolik vasitələr, 3-də hormon və metabolik modulyatorlar, 2-də diuretiklər və gizlədici maddələr, 2-də stimulyantlar və 1-də narkotiklər aşkarlanıb.

Bir idmançıda 7 müxtəlif steroid aşkarlanıb.

MÜRACİƏT

Şəfəq Hüseynli, həmçinin, respublika idman federasiyalarına müraciətində bildirib:

"Bütün respublika idman federasiyaları, klublar və digər idman subyektləri diqqətli olmalıdırlar. Respublika idman federasiyaları tərəfindən AMADA-ya yarışma, idmançıların siyahıları və digər antidopinq sahəsinə aid məlumatlar dəqiq şəkildə göndərilməlidir ki, gələcəkdə idmançı və yaxud digər şəxslər antidopinq qayda pozuntuları ilə üzləşməsinlər. Həmçinin, qeydiyyata alınmış idmançılar və ya idmançıların məkan məlumatı ilə məşğul olan federasiya əməkdaşı, bu məlumatları sistemə vaxtında və düzgün yerləşdirməlidirlər. Üç dəfə bu məlumatların vaxtında yerləşdirilməməsi və ya buraxılmış test bir ildən iki ilədək diskvalifikasiyaya gətirib çıxara bilər. Hər bir idmançı, özü diqqətli olmalıdır, qəbul etdiyi dərmanları, qida əlavələrini və digər preparatları qəbul etməmişdən öncə yoxlamalıdır".

Digər xəbərlər