46 dəfə dünya rekordçusu dünyasını dəyişdi, Ərdoğan başsağlığı verdi

46 dəfə dünya rekordçusu dünyasını dəyişdi, Ərdoğan başsağlığı verdi
Digər
18 Noyabr 2017 - 18:22
Ağır atletika üzrə Avropa, dünya və Olimpiya çempionu olmuş məşhur türkiyəli atlet Naim Süleymanoğlu vəfat edib.

Supersport.Az xəbər verir ki, 50 yaşlı idmançı müalicə aldığı xəstəxanada bu gün dünyasını dəyişib.

N.Süleymanoğlu xeyli müddət qaraciyər xəstəliyindən əziyyət çəkirdi. Onun bu oqranının transplantasiyası edilməyəcəyi təqdirdə, öləcəyi bildirilirdi.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan başsağlığı verib.

"Dünya və olimpiadalarda çempion olan Naim Süleymanoğlu, həftələrdir ağır vəziyyətdəydi, xəstəxanada ziyarət etdik. Az əvvəl rəhməti rəhmana qovuşdu. Allah günahlarını bağışlasın. Bütün qohumlarına, ailəsinə Allahdan səbr diləyir, "millətimizin başı sağ olsun" deyirik".

N.Süleymanoğlu 1967-ci il 23 yanvarında Bolqarıstanda anadan olub. Ağır atletikanı 9 yaşında seçib, 1981-ci ildə  Braziliyada gənclərin ikiqat dünya çempionu olub. 16 yaşında rekord vuraraq daha bir çempionluğu qazanıb. Dünyanın ən gənc rekordçusu olub.

Naim Süleymanoğlu, 1984-85-86-cı illərdə ilin ağırlıqqaldıranı seçilib və 1984-cü il Los Anceles Olimpiadasında Bolqarıstanın da SSRİ-ylə boykot etməsi səbəbiylə iştirak etməyib.

Bolqarların təzyiqi ilə üzləşən idmançı, 1986-cı il Melburnda keçirilən dünya çempionatı zamanı Türkiyə səfirliyinə sığınıb və prezident Turqut Özalın köməyilə ölkəyə gətirilib. Türk hökuməti Bolqarıstana 1 milyon dollar ödəyib.

1988-ci il Seul olimpiadasında 6 dünya, 9 olimpiya rekordu vurub. Türkiyəyə olimpiadalarda güləşdən savayı, ilk qızıl medalı qazandıran idmançı olub.

Məşhur idmançının uğurları

  • İlk dünya rekorunu vuran zaman 15 yaşı olub.

  • 1984, 1985 və 1986-cı illərdə dünyada ilin ağırlıqqaldıranı seçilib.

  • Üçqat olimpiya çemponu olub (Seul-1988, Barselona-1992, Atlanta-1996).

  • Altı dəfə Avropa, yeddiqat dünya çempionu adını qazanıb, 46 dünya rekordu vurub. 

  • Öz kilosunun üçqatından daha çox qaldıraraq, əfsanə olub.

  • İdman mütəxəssislərinə görə, bütün vaxtların ən yaxşı ağırlıqqaldıranıdır.

  • 1988-ci ildə "Time" jurnalının ilk səhfəsini bəzəyib.

  • 60 kq-da birdən qaldırmada 190 kq-ın öhdəsindən gələrək dünya rekordu vurub. 

  • 1988-ci il Seul olimpiadasında 6 dünya, 9 olimpiya rekordu vuraraq böyük zəfər qazanıb.

  • Türkiyəyə olimpiadalarda güləşdən savayı, ilk qızıl medalı qazandıran idmançı olub. 

  • 1992-ci ildə Beynəlxalq Ağır Atletika Mətbuat Komitəsi tərəfindən dünyanın ən yaxşı idmançısı seçilib.

Digər xəbərlər