Olimpiya çempionumuzdan bürünc medal

Olimpiya çempionumuzdan bürünc medal
Digər, Taekvondo
24 Avqust 2017 - 18:04
Supersport.Az-ın məlumatına görə, Taypeydə təşkil olunan tələbələrin 29-cu Dünya Yay Universiadasının növbəti günündə daha iki taekvondoçumuz qüvvəsini sınayıb. Kişilərin yarışında olimpiya çempionu Radik İsaev 87 kq-dan yuxarı, Səid Quliyev isə 74 kq çəki dərəcəsində universiadanın bürünc medallarını qazanıblar.

Olimpiya reytinqinin ilk pilləsində qərarlaşan İsaev, birinci döyüşünü iranlı Fərşad Qias Şandiyə qarşı keçirib və rəqibinə qalib gəlib (12-11). Daha sonra Sabit Buqrahan Karakasdan (Türkiyə) aşkar üstün olan millimizin üzvü (25-6) yarımfinala yüksəlib. Burada rusiyalı Rafail Aiukaevə məğlub olan idmançımız yarışın bürünc mükafatına sahib çıxıb.


Səid Quliyev isə mübarizəyə universiadanın 1/16 final mərhələsindən qoşulub. Perspektivli taekvondoçumuz ilk olaraq Bastia Munoz Qarrido (Çili) üzərində uğurlu nəticə əldə edib (26-9). Sonrakı mərhələ Quliyev üçün daha çətin olub. Belə ki, meksikalı Hektor Federiko Alvarezlə üç raunddan sonra 5-5 hesablı heç-heçə qeydə alınıb. Qızıl xal döyüşündə də bərabərlik pozulmadığından (0-0), sonda daha çox hücum edərək rəqibinə zərbələr endirən Səid Quliyev üstün tərəf kimi 1/4 finala yüksəlib. Həmin mərhələdə idmançımız Julio Ferreyranı (Portuqaliya) məğlub edib (8-6). Yarımfinalda iranlı Ramin Hosseinqolizadehlə döyüşdə zədələndiyindən, görüş vaxtından əvvəl başa çatıb. Bununla da o, fəxri kürsünün III pilləsinə yüksəlib.

Xatırladaq ki, bu universiadada əvvəlki yarış günlərində taekvondoçularımızdan Milad Beigi Harçeqani (-80 kq) qızıl, Ayxan Tağızadə (-68 kq) isə gümüş medal qazanıb.

Digər xəbərlər