Cavid Qurbanov: "Sizin bütün problemlərinizi həll etməyə hazırıq"

Cavid Qurbanov: "Sizin bütün problemlərinizi həll etməyə hazırıq"
Digər, Voleybol, Foto
14 Aprel 2017 - 19:45
Supersport.Az xəbər verir ki, bu gün Azərbaycan Voleybol Federasiyasının pezidenti Cavid Qurbanov, qadınlardan,  kişilərdən ibarət milli komandalarla, hakimlərlə və AVF işçiləri ilə görüşüb.

Azərbaycan Voleybol Federasiyasının I vitse-prezidenti, qadınlardan ibarət millimizin baş məşqçisi Faiq Qarayev çıxışı zamanı görülən işlər haqda fikirlərini bildirib:

"Mən ilk olaraq qeyd etmək istərdim ki, Cavid Qurbanov AVF-nin prezidenti təyin olunandan çox qısa müddət ərzində böyük işlər görülmüşdür. Kişilər arasında ölkə çempionatının final oyunları Naxçıvanda keçirildi. Qadınlar arasında ölkə çempionatımız təntənəli surətdə sona çatdı. İlk olaraq bu görülən bütün işlərə görə hər birimizin adından C.Qurbanova təşəkkür etmək istərdim. Qeyd edim ki, qarşıda bizi böyük yarışlar gözləyir. Bu işlərin həyata keçməsi üçün də C.Qurbanov bizlərə əlindən gələn köməkliyi edir. Bizim üzərimizə düşən iş isə yarışlara yaxşı hazırlaşmaq və qələbələr qazanmaqdır”.

Qadınlardan ibarət yığmamızın meneceri Oksan Kurt planları açıqlayıb:

"Mən də bütün komandamız adından Sizə bizimlə görüşdüyünüz üçün minnətdarlıq bildirirəm. Bu il deyə bilərəm ki, ilk dəfədir ki, bu qədər gənc idmançı komandamızın düşərgəsinə dəvət olunub. Birinci milli komanda 15 aprel tarixində Sloveniyaya təlim –məşq toplantısına, ikinci komanda isə Qubaya təlim-məşq toplantısına yola düşəcəklər".

Kişilərdən ibarət millimizin baş məşqçisi Fərid Cəlalov 6 ay ərzində AVF-nin kişi komandaları ilə bağlı gördüyü işlərdən danışıb:

"Cavid Qurbanov AVF-nin prezidenti təyin olduqdan sonra 6 komandadan ibarət ölkə çempionatımız start götürdü. Naxçıvanda çox maraqlı oyunlar keçirildi və sizin də iştirakınızla bizə daha da həvəsləndirdi. İki gündən sonra İsrailə təlim-məşq toplantısına yola düşəcəyik və 6 mayda Bakıya qayıdacağıq. Səfərdən bizi 9 yoldaşlıq görüşü də gözləyir. Bu gün əsas məqsədimiz İslam Həmrəylik oyunlarında ölkəmizi layiqincə təmsil etməkdir. 7 hakimimiz İslamiadada iştirak edəcək".

Federasiya prezidenti Cavid Qurbanov voleybolçulardan uğur gözlədiyini qeyd edib:

"Bu, bizim ailəmizdir. Burda bizim böyüyümüz və balacamız var. Sizlər idmançılar çalışmalısınız ki, yüksək naliyyətlər qazanasınız. Dünya, Avropa çempionatları, olimpiadada çempion olasınız.Bizim üçün ən əsas sizlərin qazanacağınız uğurlardır. Biz isə sizin bütün problemlərinizi həll etməyə hazırıq. Bu il bizim üçün böyük uğurlara imza atmağımız üçün böyük şanslarımız var. Mən düşünürəm ki, idman sizin həyatınızdır. Bizlər həmişə sizinləyik, sizin yanınızdayıq".



Fotolar İslam Atakişiyev

 

Digər xəbərlər