Ronaldo yenə mükafat aldı, çempionluğun sirrini açıqladı

Ronaldo yenə mükafat aldı, çempionluğun sirrini açıqladı
Futbol
21 Mart 2017 - 16:22
Supersport.Az-ın məlumatına görə, dünya futbolunun ulduzlarından olan Kriştiano Ronaldo daha bir mükafata layiq görülüb.

Portuqaliya yığmasıyla Avropa çempionluğu sevinci yaşayan təcrübəli oyunçu, ölkəsində ilin futbolçusu seçilib.

2016-cı ildə portuqaliyalıla ilk dəfə bu zəfəri qazanıb. Bu uğurun əsas memarlarından biri Ronaldo olub.

Ulduz futbolçu, mükafatı ilin ən yaxşı məşqçisi seçilən Portuqaliya yığmasının baş məşqçisi Fernando Santosun əlindən alıb.

Avropa çempionatı ərəfəsində heç kimin Portuqaliyanın çempionluğuna inanmadığını deyən Ronaldo, uğurun sirrini açıqlayıb:

"Bəli, favorit deyildik, ancaq qalib olduq. Bu da onu göstərir ki, hər zaman ən yaxşı qəbul edilən yox, ilk andan sona qədər inanıb, mübarizə aparan qalib olur".

Kriştiano Ronaldo (65 faiz), "Real Madrid"dən komanda yoldaşı Pepe (9 faiz) və "Sportinq"in qolkiperi Rui Patrisionun (26 faiz) önündə mükafata layiq görülüb. Sorğunu Portuqaliya Futbol Federasiyası saytı keçirib.

Qeyd edək ki, Ronaldo ötən il Portuqaliya yığmasıyla Avropa çempionu, klubunda Çempionlar Liqasının qalibi, "Qızıl top"un sahibi olub, FİFA tərəfindən ilin futbolçusu seçilib.

Digər xəbərlər