İkinci gündə 2 qızıl, 1 gümüş və 2 bürünc medal qazandıq

İkinci gündə 2 qızıl, 1 gümüş və 2 bürünc medal qazandıq
Digər, Güləş
04 Mart 2017 - 20:47
Kiyevdə Ukraynanın görkəmli güləşçi və məşqçilərinin xatirəsinə həsr olunmuş sərbəst, yunan-Roma və qadın güləşi üzrə XXI beynəlxalq turnir başa çatıb. Turnirdə sərbəst və qadın güləşi üzrə yığma komandamızın üzvləri iştirak edib.

Supersport.Az xəbər verir ki, güləşçilərimiz ilk yarış gününü 1 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurub. Qızıl medalı Tatyana Omelçenko (60 kq), gümüş medalı Türkan Nəsirova (48 kq), bürünc medalları isə Gitinomaqomed Hacıyev və Məhəmməd Müslümov (hər ikisi 65 kq) qazanıb.

İkinci yarış günündə sərbəst güləş üzrə 61, 70, 86 və 125 kq, qadın güləşi üzrə 53, 58, 63 və 75 kq çəkidə idmançılar mübarizə aparıb. Güləşçilərimiz günü 2 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurub.

Sərbəst güləş üzrə kişilərin yarışında 61 kq-da mübarizə aparan Əhmədnəbi Qvarzatilov ardıcıl olaraq Bolqarıstan, Belarus və İrandan olan rəqiblərini üstələyib və finala yüksəlib. Finalda Ukrayna idmançısı Vasil Şuptarı təmiz qələbə ilə üstələyən güləşçimiz turnirin qızıl medalını qazanıb.

86 kq çəki dərəcəsində yarışan Hacımurad Məhəmmədsəidov mübarizəyə 1/16 final mərhələsindən başlayıb və ardıcıl olaraq Ukrayna, Macarıstan, Belarus və yarımfinalda daha bir Ukrayna güləşçisini məğlub edərək finala yüksəlib. Finalda İran idmançısı Mostafa Giasi Çekanı tam üstünlüklə məğlub edən təmsilçimiz turnirin qızıl medalını qazanıb.

Qadın güləşi yarışlarında 63 kq çəkidə mübarizə aparan Elmira Qəmbərova ABŞ, Almaniya və Ukraynadan olan rəqiblərindən üstün olub və adını finala yazdırıb. Final görüşündə güləşçimiz Dünya və Avropa çempionu Yuliya Tkaça minimal hesabla uduzaraq gümüş medalla kifayətlənib.

Anjela Doroqan (53 kq) və İrina Netreba (58 kq) isə bürünc medal uğrunda həlledici görüşə çıxıb. Müvafiq olaraq Almaniya və Ukraynadan olan idmançıları məğlub edən təmsilçilərimiz turnirin bürünc medalına sahib olub.

Beləliklə, 2 gün davam edən yarışı yığmamız ümumilikdə 3 qızıl, 2 gümüş və 4 bürünc medalla başa vurub. Bu medallardan 2 qızıl və 2 bürüncü sərbəstlərin, 1 qızıl, 2 gümüş və 2 bürünc medal isə qadın güləşçilərinin payına düşüb.

Digər xəbərlər