Patimat Abakarova: "Bütün dünya məni Azərbaycanın sayəsində tanıdı"

Patimat Abakarova: "Bütün dünya məni Azərbaycanın sayəsində tanıdı"
İslamiada-2017, Eksklüziv, Taekvondo, Populyar, Layihə
01 Mart 2017 - 01:00
"Himni öyrənməyə çalışıram"

Supersport.Az "İslamiadanın ən yüksək səviyyədə təbliğatı" layihəsini davam etdirir.   

Bu məqsədlə müxtəlif idman növləri üzrə yığma komandalarımızın hazırlıq prosesindən videogörüntü, fotosessiya, həmçinin qurum rəsmilərindən, məşqçilərdən, idmançılardan müsahibələr təqdim edirik.    

Supersport.Az idmançılarımızla bağlı "İslamiadada ümidlərimiz" rublikasını açmağa qərar verib.

İlk qonağımız tanınmış zərif idmançı Patimat Abakarovadır.

Azərbaycanın uğurlu legioner idmançılarından olan Dağıstanda darginka əsilli olan Patimat Abakarova 5 uşaqlı ailədə anadan olub.

2013-cü ildən milli komandada çıxış edən xanım taekvondoçu, 4 ildir ölkəmizi yarışlarda layiqincə təmsil edir. Patimat Abakarova 2016-cı ildə Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında bürünc, 2016-cı ildə Avropa çempionatında gümüş, 2013-cü ildə keçirilən III İslam Həmrəyliyi Oyunlarının və 2015-ci ildə keçirilən I Avropa Oyunlarının bürünc medalını qazanıb.

Gənc xanım idmançımız bu uğurlarından başqa ölkəmizdə də müxtəlif fəxri mükafatlara sahib çıxıb. Patimat Abakarova 2015-ci ildə "Tərəqqi" medalı, 2016-cı ildə isə "Azərbaycan Respublikası Prezidentinin" Fəxri diplomu ilə təltif edilib və Gənclər və İdman Nazirliyinin versiyasına görə "İlin ən yaxşıları" mükafatına layiq görülüb.

patimat ilham

"Məni qəhrəman kimi qarşıladılar"

Titullu taekvondoçu söhbətə ilk olaraq idmana gəlişindən körpü saldı:

- Bizə yaxın idman zalı var idi. Mən hər dəfə ordan keçəndə ayaqla olan zərbələrə xüsusi diqqət yetirirdim və bu mənim çox xoşuma gəlirdi. Mən karateni də çox sevirdim. Amm bizim evimizə yaxın taekvondo idi. Uşaq vaxtı futbola da həvəsim var idi. Hətta həyətdə futbol da oynayırdım. Mənim atam da idmançı olub. Güləşlə məşğul olub. Dayım isə peşəkar idmançıdır. Həyatda birinci azarkeşım anam olub. Düzünü desəm, çox adam deyirdi ki, get evdə yemək bişir. Əvvəllər xanımların idmanla məğul olmalarına elə də yaxşı baxmırdılar. Demək olar ki, həftənin 6 günü idmanla məşğul oluram. Anam hər zaman mənə dəstək olub.

- İdmanın sizin həyatınızda hansı müsbət və mənfi təsirləri var? 

- Müsbət cəhət odur ki, həyatımın bir hissəsi olub. Mən idmanla yaşayıram, nəfəs alıram. Mənfi cəhəti isə odur ki, arıqlayanda fiziki baxımdan ziyanı olur. Bu problemi də həkimlər sağ olsunlar ki, həll edirlər.

- İdmançı olduğunuzu biləndən sonra sizdən çəkinirlərmi?

- Bəli, hardasa razıyam. Məndən çəkinənlərin çox şahidi olmuşam. Rio Olimpiadasını xatırlayardım. Düzünü deyim ki, məni tanıyanların sayı hədsiz dərəcədə çoxalıb. Həm Dağıstanda, həm də Dünyada. Azərbaycanın sayəsində bütün dünya məni tanıdı.

- Dağıstanda sizi qəhrəman kimi qarşıladılar?

- Məni Mahaçqala şəhərində yüksək səviyyədə qarşıladılar. Sonra isə restoranda mənim üçün ziyafət təşkil etdilər. Bizi Dağıstan Respublikasının prezidenti Ramazan Abdulatipov şəxsən özü qəbul etdi. Hətta o, mənə 2 otaqlı ev də verib. Eyni zamanda Azərbaycan prezidenti İlham Əliyev də mənə 2 otaqlı gözəl mənzil hədiyyə edib. Federasiya bizə yüksək qiymət verir. Bizim komandamız çox gözəl təşkil olunub. Məşqçilərimizin uğurlarımızda əməyi çoxdur.

pati2

"Hamı məndən qızıl medal gözləyir"

- Hazırda 23 yaşınız var. Bu yaşa kimi qarşınıza qoyduğunuz məqsədlərə nə dərəcədə çatmısınız?

- Hələ ki, yox. Üç ildən sonra Tokio Olimpiadasında qızıl medal qazansam, bunu deyə bilərəm. Rioda birinci yer tutmaq istəyirdim alınmadı. Daha yaxşı çalışıb, səhvlərimdən nəticə çıxarmalıyam. Tokioda qızıl medal qazanmağı, Azərbaycan bayrağını dalğalandırmağı, himnimizin səsləndirilməsini çox istəyirəm.

- Yarışlarda əsasən 49 kq çəkidə mübarizə aparıb uğurlar əldə etmisiniz. Bu yaxınlarda klublararası Avropa çempionatında 53 kq çəki dərəcəsində qızıl medal qazandınız. "Turkish Open" turnirində isə mükafata yiyələnə bilmədiniz. Bunda Dünya Taekvondo Federasiyasının yeni qaydalarının tətbiq edilməsi çətinlik yaratdı?

- Xeyr, mənim üçün o qədər də problem olmadı. Çünki mən yeni qaydaları tez götürdüm və bu, mənim döyüş taktikama daha yaxındır. Mən zədə almışdım. Baş məşqçi demişdi ki, əgər istəyirsənsə, çıx döyüş və mən də belə etdim. Mənim bu yarışda medal qazana bilməməyimə zədə səbəb oldu.

patimat1

- Qazandığınız uğurlar sizdə arxayınlıq yaradır, yoxsa daha çox məsuliyyət?

- Açığı, hardasa arxayınlıq yaradır. Amma mən gecə-gündüz hazırlaşıram ki, daha yaxşı nəticələr qazanım və əldə etdiyim uğurları qoruyub saxlayım. Qarşıdakı əsas hədəfim Tokio Olimpiadasında daha yaxşı nəticə əldə etməkdir. Hər kəs məndən qızıl medal gözləyir. 

- İki aydan sonra Bakıda 4-cü İslam Həmrəylik Oyunları keçiriləcək. İslamiadada qızıl umidlərimizdən biri sizsiniz...

- İndoneziyada təşkil olunan İslamiada-2013-də bürünc medal qazanmışdım. Ancaq bu dəfə medalın əyarını qızıla çevriməliyəm. Bütün gücümlə çalışacağam ki, uğurlu nəticə qazanım. Mənim üçün çətin olacaq. Buna baxmyaraq, inanıram ki, bu dəfə istəyimi reallaşdıracam. İslam Oyunlarından əvvəl mart, aprel ayların Niderland və Yunanıstanda iki böyük turnirdə iştirak edəcəyəm.

- Azərbaycanda milliləşən legionerlər dilimizi öyrənməyə başlayıblar. Siz necə, bu barədə fikirləşmisinizmi?

- Mən bura gələndə baş məşqçimiz azərbaycanlı idi. O, rus dilində danışırdı. Buna görə Azərbaycan dilini öyrənmək çətin idi. Ancaq cənubi koreyalı məşqçi gələndə mən yavaş-yavaş başlamışam öyrənməyə. Ən əsası dövlət himnini öyrənməyə çalışıram.

"Real Madrid"lə "Barselona"nın azarkeşi

- Boş vaxtlarınızı necə dəyərləndirirsiniz?

- Qorxulu filimlərə baxmağı daha çox sevirəm. Daha çox çalışıram ki, gedib kinoteatrda izləyim. Musiqini də çox sevirəm. Evdə tək olanda motivasiya əldə etmək üçün mahnı oxuyuram. Arada futbola da baxıram.

- Hansı komandalara azarkeşlik edirsiniz?

- "Real Madrid" və "Barselona". "El Klassiko"nu canlı izləməyin yeri başqadır.

- Titullu idmançı olmaqla yanaşı, gözəl xanımsınız. Təklif olsa, filmdə və reklamda çəkilməyə razılıq verərsiniz?

- Nə vaxtsa filmdə, ya da reklamda çəkilmək istəyərdim.

Süleyman Kərimov

Bu layihə Supersport.Az-ın öz imkanları hesabına həyata keçirilir.

Digər xəbərlər