Azərbaycan boksunda ilkə imza atan qadın idmançı - Yelena Vstropova

Azərbaycan boksunda ilkə imza atan qadın idmançı - Yelena Vstropova
Digər, Boks
22 Dekabr 2016 - 12:24
Son illər Azərbaycanda digər sahələrlə yanaşı, idman da sürətli inkişaf dövrünü yaşayır, ölkəmiz mötəbər beynəlxalq yarışlara yüksək səviyyədə ev sahibliyi edir. İdmançılarımız Azərbaycanı beynəlxalq arenada layiqincə təmsil edir, üçrəngli bayrağımızı dalğalandırır və dövlət himnimizi səsləndirirlər.

Azərbaycanda inkişafda olan idman növlərindən biri də boksdur. İdmanın bu növünün inkişafı, boksun kütləviləşməsi istiqamətində Azərbaycan Boks Federasiyası tərəfindən müxtəlif addımlar atılır, layihələr reallaşdırılır, yarışlar, tədbirlər keçirilir. Təsadüfi deyil ki, Azərbaycanın bayrağını beynəlxalq arenalarda dalğalandıran idmançıların arasında boksçularımızın da öz payı var. Beynəlxalq arenada ölkəmizi uğurla təmsil edən boksçularımızdan biri də Yelena Vstropovadır.

Ötən ay Bolqarıstanda təşkil olunan Avropa çempionatında qızıl medal qazanaraq, Azərbaycanın boks tarixində yeni səhifə açan Yelena Vstropova AZƏRTAC-a məxsusi müsahibə verib.

Müsahibəni təqdim edirik.

- Əvvəlcə, qələbə münasibətilə sizi təbrik edirik. Ümumiyyətlə, Avropa çempionatındakı iştirakınızı necə dəyərləndirirsiniz?

- Təbrik üçün çox sağ olun. Avropa çempionatında ilk rəqibim İtaliya idmançısı oldu. Rəqib haqqında heç bir məlumatım yox idi və onunla döyüşdə hansı taktikadan istifadə etmək barədə dəqiq plan qurmamışdım. Rinqə çıxanda əsas məqsədim qalib gəlmək idi. İtaliyada bir nömrəli boksçu hesab edilən rəqibim çox güclü idi. Ancaq əzmkarlıq nümayiş etdirərək ona qalib gəlməyi bacardım.

İkinci rəqibim isə Rusiya boksçusu oldu. Mənə tanış idmançı olduğu üçün onun döyüş tərzinə yaxşı bələdəm. Onunla bir neçə dəfə rinqdə üz-üzə gəlmişik. Qızıl medal uğrunda isə Türkiyə təmsilçisi ilə qarşılaşdım. Türkiyədə yerli azarkeşlər önündə mən ona məğlub olmuşdum. Avropa çempionatı bu baxımdan revanş xarakteri daşıyırdı. Final görüşü çox gərgin mübarizə şəraitində keçdi. Türkiyəli idmançı çox güclü və texnikalı idi. İlk görüşdən əvvəl çox həyəcan keçirirdim. Bəzən özümü toplaya bilmirdim. Bəzi məqamlarda isə peşəkarlıq öz sözünü deyirdi. Şükürlər olsun ki, qalib gələ bildim və Azərbaycanın boks tarixində bir ilkə imza atdığım üçün çox xoşbəxtəm. Bu uğurumda şəxsi məşqçim Fərid Mayılovun böyük əməyi var. Onunla yeni işbirliyinə başlamışam. Demək olar ki, Avropa çempionatı onun rəhbərliyi ilə iştirak etdiyim ilk irimiqyaslı yarış idi. Qazanılan uğur məşq prosesinin düzgün aparılmasından xəbər verir. Mən qələbəmə görə fiziki hazırlıq üzrə məşqçi Elmira Salyamovaya da təşəkkür edirəm.

- Avropa çempionatına hazırlıq prosesi haqqında nə deyərdiniz?

- Yarışla əlaqədar ciddi hazırlıq prosesi keçmişdim. Əvvəlcə Bakıda fiziki hazırlıq üzrə məşqdə iştirak etdim. Sonra qitə birinciliyinə hazırlıq məqsədilə Bolqarıstanda təşkil olunan beynəlxalq turnirdə gücümü sınadım. Monteneqrodan, Finlandiyadan və Fransadan olan boksçularla üz-üzə gəldim və həmin görüşləri qələbə ilə başa vurdum. Bu yarış Avropa çempionatından əvvəl mənim üçün vacib idi. Yarışdan sonra hazırlıq prosesini yenidən Bakıda davam etdirdim. Bu dəfə fiziki hazırlıq yox, taktika üzərində çalışdım və sparrinq döyüşlər keçirdim. Sparrinq döyüşlərdə əsasən rəqiblərim kişi boksçular oldu.

Avropa çempionatından iki həftə əvvəl biz yenidən Bolqarıstana getdik. İlk həftəni yerli komanda ilə birgə hazırlıq keçdik. Mənim yarışdığım çəki dərəcəsində qadın boksçu olmadığı üçün Bolqarıstanda da kişi idmançılarla sparrinq döyüşlər keçirdim. Daha sonra hazırlığa Türkiyə millisi də qoşuldu. Ancaq finalda məğlub etdiyim türkiyəli boksçu mənimlə hazırlıq döyüşlərinə çıxmadı.

- Olimpiya Oyunlarının proqramına qadın boksu 2012-ci ildə əlavə olunub. Həmin il Londonda təşkil olunan Olimpiadada qadın boksçuların yarışında Azərbaycanı təmsil edən ilk idmançı siz idiniz. Bu haqda nə deyə bilərsiniz?

- Heç vaxt təsəvvür etmirdim ki, nə vaxtsa Olimpiya Oyunlarında iştirak edərəm. Ancaq 2012-ci ildə London Yay Olimpiya Oyunlarında qadın boksçuların yarışında Azərbaycanı mən təmsil etdim. Olduqca həyəcanverici və möhtəşəm turnir idi. İlk dəfə idi ki, bir məkanda bu qədər idmançı görürdüm. Olimpiya Kəndində idmançılar bir-biri ilə xoş ünsiyyət qurur və maraqlı anlar keçirirdilər. Hamı orada rəqib kimi yox, dost kimi davranırdı.

İlk döyüşümdə hakim ədalətsizliyi ilə qarşılaşdım. Rəqibimdən daha güclü və cəld idim. Buna görə də görüşün sonunda hakimin mənim əlimi qaldıracağına əmin idim. Ancaq qələbə rəqibə verildi. Bu, mənim üçün çox çətin oldu. Düz üç gecə yata bilmədim. Lakin sonradan özümü ələ almağı bacardım.

- Karyeranızda sizin üçün ən çox yadda qalan döyüş hansı olub?

- Keçirdiyim bütün görüşlər mənim üçün yaddaqalandır. Onların hər birinin mənim üçün ayrıca xatirəsi var. Hər döyüş mənim üçün bir yenilik, haradasa bir qələbədir. Turnirlərdən asılı olaraq, emosiyalarım fərqli ola bilər. Ancaq döyüşlərimə həmişə peşəkarlıqla yanaşıram. Dünya çempionatının finalınadək inamla irəliləməyim mənim üçün digərlərindən bir az fərqlidir. Çünki həmin vaxt heç kim Yelena Vstropova demirdi. Hamı Azərbaycan deyə səslənirdi. Dünya boks ictimaiyyəti bunu böyük maraqla qarşıladı. Azərbaycanda yeni inkişaf etməyə başlayan qadın boksunun təmsilçisi mundialın finalına vəsiqə qazanmışdı. Bunu hamı uğur kimi qiymətləndirirdi.

- Hazırda siz çıxış etdiyiniz 69 kiloqram çəki dərəcəsində Azərbaycanda bir nömrəli idmançısınız. Bu, sizdə arxayınlıq yaratmır ki?

- Etiraf etməliyəm ki, yaratmır. Çünki Azərbaycanda idmanın digər növlərində olduğu kimi, qadın boksunda da inkişaf və kütləvilik var. Boksa maraq böyükdür və yeni nəsil idmançılar yetişdirilir. Mən də öz üzərimdə daim çalışır, məşqlərimə ciddi yanaşıram. Günümün çox hissəsini məşqlərdə keçirirəm. Arxayınlaşmaq olmaz. Öz üzərimdə çalışıb daha yeni uğurlar qazanmaq istəyirəm.

- Hazırda dünyada dopinq qalmaqalı davam edir. Dopinq qəbul edən idmançılara münasibətiniz necədir?

- Hər bir idmançı ədalət prinsiplərinə əməl etməli, əvvəl özünə, sonra isə rəqibinə hörmətlə yanaşmalıdır. Əgər idmançı düz yoldadırsa, öz işinə peşəkarlıqla yanaşırsa və məşqlərini qaydasında edirsə, o, uğur qazanacaq. Ən qısa yolu seçib, kimyəvi məhsullar qəbul edərək uğur qazanmaq düzgün və ədalətli deyil. Həmin insanlar sadəcə özlərini aldadırlar.

- Boş vaxtlarınızda hansı məkanlara gedirsiniz? Azərbaycan mətbəxi haqqında fikirləriniz maraqlı olardı?

- Boş vaxtım olanda Botanika bağına gedirəm. Oradakı mənzərə məni çox rahatladır, əsəblərim sakitləşir və özümü çox gümrah hiss edirəm. Bəlkə də bütün bunlar orada oksigenin çoxluğu ilə əlaqədardır. Orada idmançılar üçün ideal imkanlar var. Xəzər dənizi isə Bakıya başqa gözəllik verir. Dəniz sahilində gəzməyi də çox sevirəm. Sanki insanın ruhu təzələnir. Şəhərin səs-küyündən qaçmağa çalışıram. İmkanım olanda kinoteatra gedib film izləyirəm.

Azərbaycan mətbəxi çox zəngin və ləzzətlidir. Azərbaycan plovunu və kababını çox sevirəm. Məşqlərimlə əlaqədar çox yeyə bilməsəm də, ancaq az da olsa dadına baxıram.

Digər xəbərlər