QURBAN QURBANOV: "BİZ AZARKEŞLƏRİ YOX, OYUNU DÜŞÜNƏCƏYİK" - VİDEO

QURBAN QURBANOV: "BİZ AZARKEŞLƏRİ YOX, OYUNU DÜŞÜNƏCƏYİK" - VİDEO
Futbol, Eksklüziv, Video
03 Noyabr 2016 - 02:25
Avropa Liqasının qrup mərhələsi çərçivəsində PAOK-un qonağı olacaq "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oyun ərəfəsində mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Mütəxəssis ilk öncə oyunla bağlı fikirlərini bildirib:


- Bizi ağır oyun gözləyir. Futbolçular da istəyir ki, bu oyundan yaxşı nəticəylə ayrılsın. Rəqib məşqçinin fikirləri ilə tanışam. O, bu oyunun onlar üçün vacib olduğunu deyir. Onları başa düşürük. Ancaq qarşıda 2 oyun daha var. Sabah yaxşı mübarizə aparmalıyıq. Futbolçularımız xarakter nümayiş etdirməlidilər. Qalib gəlmək istəyirik. Ancaq oyunun gedişində hər şey ola bilər. Məğlub olacağımız halda belə, qarşıdakı iki oyunda 6 xal toplayıb mərhələ adlaya bilərik. Ancaq qarşıdakı oyunda qarşımıza əsas məqsəd kimi uduzmamağı qoymuşuq.

- Bu oyunda meydanda fərqli PAOK gözləyirsiniz?

- PAOK ev oyunlarında tam fərqli, daha aqressiv oynayır. Rəqib nə qədər təzyiq etsə də, müdafiədə diqqətli oynamalıyıq. Hücumda da dəqiq oynamalıyıq. Bu komandanın oyunçuları topla yaxşı davranır. Ancaq buna baxmayaraq, hücumlarımızı davam etdirməliyik. Oyunun əvvəlindəki təzyiqdən tezliklə yaxa qurtarmağa çalışacağıq.

- Növbəti mərhələyə kimin keçəcəyini düşünürsüz - PAOK, yoxsa "Qarabağ?

- Özümüzün keçməsini istəyirəm, ancaq necə olacaq bilmirəm (gülür).

- Rəşad Sadıqov, Reynaldo və Miçel sabah meydana çıxacaq?

- Hələ dəqiq bilinir. Ola bilsin, sabah bu üç futbolçudan hansısa meydana çıxsın.

- "Qarabağ" ilk oyundakı kimi hücum futbolu sərgiləyəcək, yoxsa əks-hücum taktikasına üstünlük verəcək?

- Futbolda hər bir nəticəyə hazır olmalısan. Həmişə meydan sahibləri daha inamlı, hücumameyilli oyun sərgiləyir. Müdafiə olunmaq lazımdısa, müdafiə olumalıyıq, hücum etmək lazımdısa, hücum etməliyik. Bu, oyunun gedişindən asılıdı. Sabah bütün oyunu müdafiə olunmaq istəməzdim. Məncə, meydanda həm hücum görəcəyik, həm müdafiə, həm də əks-hücum.

- PAOK çılğın azarkeşlərə malikdir. Ancaq “Qarabağ” bu cür komandalarla dəfələrlə qarşılaşıb. Əminliklə deyə bilərik ki, bu amil sabah komandaya mənfi mənada təsir etməyəcək?

- Futbolçu çoxlu azarkeş qarşısında oynamaqdan həzz almalıdır. Bizim azarkeşlər də burda olacaq. Düzdü, onların sayı rəqibdən az olacaq, ancaq bu, bizə mənfi təsir etməyəcək. İstəyərdim ki, həmin azarkeşlər 90 dəqiqə komandanı qələbəyə səsləsin. Bakıda olduğu kimi biz azarkeşləri yox, oyunu düşünəcəyik.

Digər xəbərlər