GƏNC SƏRBƏST GÜLƏŞÇİMİZ RƏQİBLƏRİNDƏN ÜSTÜN OLDU

GƏNC SƏRBƏST GÜLƏŞÇİMİZ RƏQİBLƏRİNDƏN ÜSTÜN OLDU
Digər, Güləş
26 Oktyabr 2016 - 13:19
Sərbəst güləş üzrə yeniyetmələrdən ibartə yığma komandanın üzvləri Moskva şəhər Bədən Tərbiyəsi və İdman Departamentinin dəvəti ilə qonşu ölkənin paytaxtında təlim-məşq toplanışında iştirak edib. Supersport.Az xəbər verir ki, məşqçi Rövşən Umudovun rəhbərliyi altında yığmamızın 6 üzvünün iştirak etdiyi təlim-məşq toplanışının sonunda komandalar arasında yoldaşlıq görüşü keçirilib. Moskva şəhərini təmsil edən 2 komandayla qarşılaşan yığmamız 6:0 və 5:1 hesablı qələbə qazanıb.

2000-2001-ci il təvəllüdlü idmançılar arasında keçirilən yoldaşlıq görüşü zamanı yığmamızı Tofiq Əliyev (42 kq), Ramiz Həsənov (46 kq), Mahir Məmmədzadə (50 kq), Vüsal Hüseynov (54 kq), Hacıağa Məmmədov (58 kq) və Vahid Əlizadə (63 kq) təmsil edib.

Xatırladaq ki, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Moskva şəhər Bədən Tərbiyəsi və İdman Departamentinin hər iki paytaxt şəhər arasında əlaqələrin daha da inkişaf etdirilməsi məqsədilə əldə etdiyi razılıq əsasında baş tutan qarşılıqlı səfərlər çərçivəsində Moskva idmançıları ötən il şəhərimizin qonağı olub.

Digər xəbərlər