AFFA PREZİDENTİ: "BU PROBLEMİN SƏBƏBİNİ HƏLƏ DƏ TAPA BİLMƏMİŞİK"

AFFA PREZİDENTİ: "BU PROBLEMİN SƏBƏBİNİ HƏLƏ DƏ TAPA BİLMƏMİŞİK"
Futbol, Layihə, AFFA yanında Media Komitəsi
30 Avqust 2016 - 02:29
"O VAXT DEMİŞDİM Kİ, QURBAN 200 OYUNDA DA UDUZSA, ONU İSTEFAYA GÖNDƏRMƏYƏCƏM"

Futbolumuzun mövcud vəziyyəti haqda danışan AFFA prezidenti Rövnəq Abdullayev, çempionatdakı əsas problemlərlə bağlı da fikirlərini bildirib.

Qurum rəhbəri, danışılmış oyunların dünyada böyük bəla olduğunu və bunun qarşısının alınması üçün ciddi tədbir görülməsinin vacibliyini qeyd edib:

"İcraiyyə Komitəsinin iclasında müzakirə edilən əsas məsələ danışılmış oyunlarla bağlı oldu və bəyannamə qəbul etdik. İlk olaraq, İcraiyyə Komitəsinin üzvləri bu bəyannaməyə qol çəkdilər. Biz Azərbaycanın bütün futbol ictimaiyyətini bu bəyannaməyə qoşulmağa çağırırıq. Bilirsiz ki, bir müddət öncə federasiya tərəfindən ölkə prezidenti İlham Əliyevə məktubla müraciət edərək xahiş etmişik ki, ölkənin cinayət məcəlləsində danışılmış oyunlarla bağlı da bənd salınsın və bu oyunlarda iştirak edənlər cinayət məsuliyyətinə cəlb edilsin. Bu məsələ bütün dünyada böyük problemdir. Bu problemdən biz də yan qaça bilmirik. Ancaq əlimizdən gələni edirik ki, Azərbaycan futbolu bu qara yaradan uzaq olsun".

Qurum rəhbəri, hesab edir ki, ən böyük problem sponsorların ayrılmasıdır:

"Azərbaycan futbolunda sponsorlarla bağlı probem var. Bu gün həvəs göstərirlər, sabah çıxıb gedirlər. Bəziləri 1-2 il sponsorluq etdikdən sonra fikirlərindən daşınırlar. Onlar futboldan kənar adamlardır və özlərini reklam etməklə məşğuldurlar. Premyer Liqada iştirak etmək istəyirlər, ancaq sonradan komandanı yarı yolda atıb qaçırlar. Çalışırıq ki, klublar lisenziyalarını FİFA-nın qaydalarına uyğun alsınlar. Bütün bunları nəzərə alaraq, AFFA İcraiyyə Komitəsi Futbolun İnkişaf Fondu yaratmağa qərar verdi. Açıq danışmaq lazımdır. Bu gün AFFA bəzi klublara kömək edir. Bu isə düz alınmır. Hər şey şəffaf şəkildə həyata keçirilməlidir. Ona görə də belə bir fond yaratmağı vacib hesab etdik".

AFFA-nın başçısı, "Bakı" klubunun birinci liqaya buraxılmamasının səbəbini izah edib:

"Bakı"nın prezidenti Hafiz Məmmədovla görüşümüz olmayıb. Bu klub Azərbaycan futbolu üçün böyük işlər görüb. Son vaxtlar "Bakı"nın FİFA ilə problemləri var. Hətta son mövsümdə klubun 15 xalı silindi. Bu problemlərə görə, "Bakı"nı çempionata buraxsaydıq,  FİFA  həmin sanskiyaları bizə qarşı tətbiq edə bilərdi. Buna görə belə qərar verilib. "Bakı"ya güzəştdən söhbət gedə bilməz".

Son dövrlər "Neftçi"nin uğursuz çıxışına toxunan R.Abdullayev, komandanın sponsoru olan SOCAR-ın klubdan hesabat tələb etməyəcəyini söyləyib:

"Neftçi"nin sponsorları arasında SOCAR olsa da, klubun idarə edilməsində iştirak etmir. İdarə heyətində SOCAR-ın işçiləri var və neft şirkəti klubun daxili işlərinə qarışmır. SOCAR-ın vitse-prezidenti Xoşbəxt müəllim "Neftçi"nin azarkeşidir, O, onları gecə-gündüz "presləyir". Siz narahat olmayın (gülür)".

Futbolumuzun əsas problemlərindən biri - azarkeşlərin oyunlara az maraq göstərməsini qabardan AFFA prezidenti, bunda özlərinin də səhvi olduğunu etiraf edib:

"Neçə ildir futbolda çalışıram, bu problem həmişə var. Ancaq beynəlxalq oyunlarda gəlirlər. Yəqin nəyisə düzgün etmirik ki, az azarkeş gəlir. 60 minlik stadion tikmişik. Ancaq 11 minlik 8-ci km stadionu da doldurmaq mümkün olmur. Bu problemin səbəbini hələ də tapa bilməmişik. Görünür, menecment sistemində səhvlərə yol verilib".

Avropada Müşahidə Şurasının üzvləri özləri klub üçün pul qoyurlar. "Neftçi" isə dövlətin verdiyi pullarla idarə edilir. Burada uyğunsuzluq olmadığını deyən AFFA rəhbəri, "narahat olmayın" fikrini səsləndirib.

R.Abdullayev Premyer Liqada klubların sayının azaldılmasının futbolumuza mənfi təsir etdiyini qeyd edib:

"Klubların və oyunların sayının az olması yaxşı hal deyil. Ancaq başqa yol yoxdur. Bu il belə oldu ki, 8 klub olsun. Gələn mövsüm 10 komandanın iştirakı nəzərdə tutulur".

"Son vaxtlar klublarda Müşahidə Şurasının yaradılmasının vacibliyini qeyd etmişdiniz.  Ancaq Müşahidə Şurası olmayan klublar daha uğurlu çıxış edirlər. "Qarabağ" və "Qəbələ"ni buna misal gətirmək olar. Düşünmürsünüz ki, Müşahidə Şurası uğursuz layihədir” sualını AFFA prezidenti belə cavablandırıb:

"Xeyr, belə düşünmürəm. Müşahidə Şurası klubun şəffaf idarə edilməsidir. Bunun komandanın pis oyununa, uğursuz çıxışına heç bir aidiyyatı yoxdur. Bu, idarəetmə formasıdır. Bunları bir-birinə qatmayın. "Neftçi"nin uğursuzluqlarının səbəbini deməyə mənim ixtiyarım yoxdur. Ancaq mən "Neftçi"də prezident olduğum zaman Qurban Qurbanovu istefaya səsləyirdilər. Mən o vaxt demişdim ki, Qurban 200 oyunda da uduzsa, onu istefaya göndərməyəcəm. Bir klubda tez-tez məşqçi dəyişiklikləri olmamalıdır".

Anar, Ramil

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.

Digər xəbərlər