SƏRBƏST GÜLƏŞÇİLƏRİMİZ KOMANDA HESABINDA BİRİNCİ OLDULAR

SƏRBƏST GÜLƏŞÇİLƏRİMİZ KOMANDA HESABINDA BİRİNCİ OLDULAR
Olimpiya, Rio-2016, Digər, Güləş
23 Avqust 2016 - 10:03
Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında güləş yarışları başa çatıb.

Supersport.Az-ın məlumatına görə, yarışların son üç günündə sərbəst güləşçilər arasında qaliblər müəyyənləşib. Baş məşqçi Saypulla Absaidov, böyük məşqçi Firdovsi Umudovun rəhbərliyi altında tam heyətlə təmsil olunan sərbəst güləş yığmamız 2 gümüş və 3 bürünc medal qazanaraq Olimpiadalar tarixində bir ilkə imza atıb. Gümüş medalları Toğrul Əsgərov (65 kq) və Xetaq Qazyumov (97 kq), bürünc medalları isə Hacı Əliyev (57 kq), Cəbrayıl Həsənov (74 kq) və Şərif Şərifov (86 kq) qazanıb.

Qeyd edək ki, qazanılan medalların sayına görə yığmamız bütün komandaları qabaqlayıb. 6 nəfərlə təmsil olunan komandalardan heç biri 5 medal qazana bilməyib. Belə ki, Rio Olimpiadasında Azərbaycanla yanaşı, Rusiya, İran, Monqolustan, Gürcüstan, Türkiyə və ABŞ sərbəst güləş komandaları da tam heyətlə iştirak edib. Türkiyə, Rusiya və İran 3, ABŞ və Gürcüstan 2 medal qazana bildiyi halda, Monqolustan sərbəst güləş yığması Olimpiadanı medalsız tərk edib.

Dünya Güləş Birliyinin ənənəvi qaydada tərtib etdiyi komanda sıralamasında da sərbəst güləş yığmamız birinci yeri tutub. Komanda hesabında 42 xal toplayan yığmamız, İran (35 xal), ABŞ (32 xal) və Rusiyadan (31 xal) öndə qərarlaşıb.

Bu nəticə ilə sərbəst güləşçilərimiz Olimpiadalarda qazandığı medalların sayını 11-ə çatdırıb. Bunlardan 3-ü qızıl, 3-ü gümüş, 5-i bürünc əyarlıdır.

SƏRBƏST GÜLƏS YER

Digər xəbərlər