AZAD RƏHİMOV 60 LİSENZİYA SÖZ VERDİ

AZAD RƏHİMOV 60 LİSENZİYA SÖZ VERDİ
Olimpiya, Rio-2016
24 İyun 2016 - 01:29
"Rio Yay Olimpiya Oyunlarında Azərbaycanın 60-dan çox idmançısının iştirakı gözlənilir".

Supersport.Az-ın məlumatına görə, gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə açıqlamasında belə deyib.

O, Rio-2016-da yeni idman növlərində Azərbaycanın təmsil olunmasının əhəmiyyətini bildirib:

"Hər olimpiadada olduğu kimi, bu dəfə də yeni növlərdə lisenziyalar qazanılıb. Buna triatlon, trek velosipedi, kanoe-slalom kimi növləri qeyd etmək olar. Sevindirici məqam odur ki, ölkəmizdə yeni idman növləri inkişaf edir. Kayak və kanoedə mübarizə sprinter məsafəsində olur. Burada idmançıdan çox şey asılıdır, lakin bəxt amili də rol oynayır. Medala ümid bəsləyirik. Triatlonçu Rostislav Pevtsov güclü idmançıdır. O, Bakı-2015-də hazırlıq mərhələsində olsa da, bürünc medal qazana bildi".

Nazir "Formula-1" Avropa Qran-prisi ilə bağlı sualları cavablandırarkən deyib ki, digər böyük tədbirlərlə müqayisədə "Formula-1"in auditoriyası, onun əhatə etdiyi ölkələrin və yayım şirkətlərinin sayı daha genişdir. Bu yarış 187 ölkədə yayımlanıb və onu 500 milyondan artıq tamaşaçı izləyib. Diqqət çəkən məqam odur ki, Bakı Qran-prisində yeni rekordlar qeydə alındı. Təbii ki, bu, idmana aiddir. Bizim üçün isə ən vacibi odur bu idman növü vasitəsilə Bakı və Azərbaycan dünyaya daha geniş tanıdıldı".

Digər xəbərlər