TÜRKMƏNİSTANDA V ASİYA OYUNLARI AÇILIŞ MƏRASİMİ KEÇİRİLİB

TÜRKMƏNİSTANDA V ASİYA OYUNLARI AÇILIŞ MƏRASİMİ KEÇİRİLİB
Digər
06 May 2016 - 23:20
Mayın 5-də Aşqabad yaxınlığındakı “Nisa” Dövlət Tarix-Mədəniyyət Qoruğunda qapalı məkanlarda və döyüş sənətləri üzrə V Asiya Oyunlarının başlanğıcına 500 günün qalması şərəfinə təntənəli mərasim keçirilib.

Supersport.Az xəbər verir ki, tədbirdə Türkmənistan Prezidenti, Milli Olimpiya Komitəsinin sədri Qurbanqulu Berdiməhəmmədov, Asiya Olimpiya Şurasının (AOŞ) sədri və Milli Olimpiya Komitələri Assosiasiyasının Prezidenti Şeyx Əhməd əl-Fəhəd əl-Sabah, ölkə rəhbərliyinin üzvləri, idman ictimaiyyəti, eləcə də AOŞ və xarici KİV-lərin nümayəndələri, o cümlədən Azərbaycandan olan jurnalistlər iştirak edib.

Mərasimdə çıxış edən Q.Berdiməhəmmədov idmanın inkişafının Türkmənistanın daxili siyasətinin prioritetlərindən biri olduğunu qeyd edib. İdmanın müxtəlif formaları arasında o, idman atçılığını və bütövlükdə atçılığı vurğulayıb. Ölkəsinin idman sahəsində digər ölkələrlə əməkdaşlığa xüsusi önəm verdiyini qeyd edən Türkmənistan rəhbəri mərasimdə iştirak edən xarici diplomatlara, beynəlxalq təşkilatların və KİV-lərin nümayəndələrinə təşəkkürünü bildirib.

Türkmənistanın Asiyanın ən böyük idman tədbirlərindən birinin keçirilməsi şərəfinə nail olduğunu vurğulayan AOŞ Prezidenti Şeyx Əhməd əl-Fəhəd əl-Sabah bildirib ki, V Asiya Oyunları Türkmənistanda bütün sahələrində həyata keçirilən islahatları xarici qonaqlara göstərmək üçün yaxşı fürsətdir.

AOŞ Prezidentinin sözlərinə görə, Oyunlar Türkmənistan paytaxtı infrastrukturunun gələcək inkişafına əhəmiyyətli təsir göstərəcək, əhali arasında sağlam həyat tərzi prinsiplərini gücləndirməkdə, xüsusilə gənclər arasında idmanın təbliğində mühüm rol oynayacaq. Şeyx Əhməd əl-Fəhəd əl-Sabah bu böyük idman hadisəsinin Asiya xalqları arasında dostluq və qardaşlıq əlaqələrinin möhkəmləndirilməsində mühüm əhəmiyyətə malik olacağına əminliyini ifadə edib.

Mərasimin sonunda Türkmənistan Prezidenti at estafetinə start verib: 17 minicinin iştirakı ilə ölkənin 5 vilayətinin hər birində 100 gün davam edəcək qaçış başlayıb. Q.Berdiməhəmmədovun minicilərdən birinə təqdim etdiyi Asiya Oyunlarının məşəli Marı vilayətindəki “Kalkınış” qaz yatağında yandırılacaq. Estafet Oyunların açılış günündə - 2017-ci il sentyabrın 17-də Aşqabaddakı Olimpiya şəhərciyinin əsas arenasında sona çatacaq.

Q.Berdiməhəmmədov bütün ölkədə atlı keçidin və onun çərçivəsində nəzərdə tutulan tədbirlərin türkmən xalqının təkcə tarixi, mədəni və mənəvi irsinin təbliğinə yox, həm də milli adət-ənənələri, mədəniyyəti, incəsənəti və folklorunun inkişafına xidmət etdiyini bildirib.

İştirakçılar tədbirin keçirildiyi yerdə açılan sərgini ziyarət etmək imkanı qazanıb. İdman mövzusunda rəsm və heykəltəraşlıq əsərləri, həmçinin milli məişəti və ölkənin adət-ənənələrini əks etdirən keramika, zərgərlik və qədim xalçalarla yanaşı, burada üzərində Asiya Oyunları-2017-nin rəmzləri olan suvenirlər, toxuculuq məmulatları, hədiyyə səbətləri və s. nümayiş etdirilib.

Bayram proqramı ziyafət, Türkmənistanın tanınmış incəsənət və xalq-etnoqrafik kollektivlərinin çıxış etdiyi böyük konsertlə davam etdirilib.

Mərasim atəşfəşanlıqla sona çatıb.

Qeyd edək ki, AOŞ-un qərarı ilə Aşqabad Mərkəzi Asiya regionunda Asiya Oyunlarına ev sahibliyi etmək hüququ qazanmış ilk şəhərdir. İdmanın 21 növü üzrə keçiriləcək bu Oyunlarda 45 Asiya və 17 Okeaniya ölkəsindən idmançılar iştirak edəcək.

Digər xəbərlər