TƏBRİZ HƏSƏNOVDAN İDDİALI AÇIQLAMA

TƏBRİZ HƏSƏNOVDAN İDDİALI AÇIQLAMA
Futbol
04 May 2016 - 16:53
Sabah Bakıda start götürəcək 17 yaşadək futbolçulardan ibarət yığma komandalar arasındakı Avropa çempionatında "A" qrupunda mübarizə aparacaq Azərbaycan, Portuqaliya, Belçika və Şotlandiya yığmalarının baş məşqçiləri bu gün mətbuat konfransı keçiriblər.

Supersport.Az-ın məlumatına görə, millimizin baş məşqçisi Təbriz Həsənov deyib:

"Həmkrarlarımı salamlayıram, onlara uğurlar arzulayıram. Komandamıza gəlincə, zədəlilərimiz artıq sağalıb, heyətə qayıdıblar. Ona görə də tam heyətlə hazırlaşırıq. Komanda qarşıdakı oyunlara hazırdır. Tribunalardan böyük dəstək gözləyirik. Bu, komandamıza motivasiya baxımından əlavə güc verəcək. Ajiotaja gəlincə, artıq şəhərdə bunu görmək mümkündür. Portuqaliya yığmasının oyunlarına baxmışam. Güclü komandadır. Texnikalı, sürətli futbolçulara malikdirlər. Onlar turnirin əsas favoritlərindən biridir. Buna baxmayaraq, qələbəyə köklənmişik".

Təbriz Həsənov bildirib ki, yığmamızın da öz hədəfləri var:

"Qarşımızda qrupdan çıxmaq hədəfi var. Hər oyuna qələbə üçün çıxacağıq. Buna hazırıq. Bütün diqqətimiz qarşıdakı oyunlarda uğur qazanmağa yönəlib".

Portuqaliya yığmasının baş məşqçisi Eliu Sosuza bunları söyləyib:

"Sabah Azərbayanla qarşılaşırıq. Turnirdə çıxış edən bütün komandalar üzərində təzyiq hiss edir. Ümid edirəm ki, biz bunun öhdəsindən gələ biləcəyik. Azərbaycan yığmasını yüksək qiymətləndiririk. Yaxşı rəqibdir. Ancaq qələbə barədə düşünürük. Futbolçularımın böyük azarkeş ordusu qarşısında özlərini necə aparacağını görəcəyik. Uşaqlarla bu yöndə də iş aparmışıq".

Şotlandiya yığmasının çalışdırıcısı Skott Qemmillin fikirləri belə olub:

"Azərbaycana qarşı oyuna qədər bu komandanın iki oyununu görəcəyik. Həmin matça kimi rəqibi yaxşı təhlil edib, necə oynamaq lazım olduğunu müəyyənləşdirəcəyik. Turnirin ev sahibinə uğurlar arzulayıram".

Belçika yığmasının baş məşqçisi Terri Sike deyib:

"Azərbaycanda ilk dəfə oluram. Azərbaycanla oyunumuz növbəti turda baş tutacaq. Hazırda ancaq Şotlandiya ilə dueli düşünürük. Meydan sahiblərini həmin oyundan sonra təhlil edəcəyik".

Digər xəbərlər