"Neftçi" Kamran Quliyevi qova bilər: Sadıq Sadıqovun gətiriləcəyi bildirilir

"Neftçi" Kamran Quliyevi qova bilər: Sadıq Sadıqovun gətiriləcəyi bildirilir
Futbol, Eksklüziv
02 Yanvar 2023 - 23:11
Supersport.Az-a məlumatlı mənbənin verdiyi xəbərə görə, "Neftçi" PFK-nın rəhbərliyində ciddi dəyişiklik olacaq.

Buna səbəb komandanın uzun illərdir ölkədaxili yarışlarda qeyri-sabit, avrokuboklarda bərbad çıxışıdır. "Neftçi", ilk və sonuncu dəfə qitə turnirinin qrup mərhələsində 10 il əvvəl, Sadıq Sadıqov prezident olarkən mübarizə aparıb.

Beş ilə yaxındır ki, paytaxt təmsilçisinin rəhbəri Kamran Quliyevin fəaliyyəti dövründə komanda Avropa yarışlarında fiaskoya uğrayıb. Hazırda klubun premyer liqada 3-cü pillədə olması yeni seçilən Müşahidə Şurası rəhbərliyini, azarkeşləri ciddi narahat edir. Fanatların əksəriyyəti Kamran Quliyevin qovulmasını istəyir.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti, "Neftçi"nin Müşahidə Şurasının yeni sədri Rövşən Nəcəfin komandanın prezidenti Kamran Quliyevdən kəskin narazı, klubun milyonlarla borcu olduğu bildirilir. Yaxın müddətdə K.Quliyevin istefaya göndəriləcəyi haqda məlumat almışıq. R.Nəcəfin məqsədi, klubda ciddi islahatlar aparmaq, heyəti gücləndirmək və gələcəkdə komandanın əvvəlki şöhrətini qaytarmaqdır.

"Neftçi"nin prezidentliyinə əsas namizədlərdən birinin təcrübəli, peşəkar idman adamı Sadıq Sadıqovun olduğu barədə də xəbər verilib. "Əməkdar bədən tərbiyyəsi və idman xadimi" fəxri adına, "Tərəqqi" medalına sahib bu şəxs, 2009–2015-ci illərdə "Neftçi" Peşəkar Futbol Klubunun prezidenti olub. Sadıq Sadıqovun rəhbərliyi dövründə klub 3 dəfə çempion olub və 2 dəfə ölkə kubokunu qazanıb. 2012-ci ildə "Neftçi" Azərbaycan futbolunun tarixində ilk dəfə olaraq Avropa Liqası kimi mötəbər turnirin qrup mərhələsində iştirak edib.

Xatırladaq ki, ötən ilin noyabrında "Neftçi"nin Müşahidə Şurasının əvvəlki sədri Çingiz Abdullayevi SOCAR rəhbəri Rövşən Nəcəf əvəzləyib. Təhsil naziri Emin Əmrullayev, Xarici Kəşfiyyat Xidmətinin rəisi, general-polkovnik Orxan Sultanov, Elnarə Məmmədova və Hafiz Zeynalov Müşahidə Şurasına yeni üzv seçiliblər.

Əvvəlki heyətdən yalnız Zaur Qəhrəmanovla Səməd Qurbanov öz vəzifələrində qalıblar. Müşahidə Şurasının əvvəlki üzvləri Cəbrayıl Cəbrayılov, Fərhad Bədəlbəyli və Mehdi Nəcəfov isə klubdan ayrılıblar.

Digər xəbərlər