Tahir Süleymanov AFFA-ya yeni dərs verdi

Tahir Süleymanov AFFA-ya yeni dərs verdi
Futbol, Tribuna, Yazarlar
30 Avqust 2022 - 01:05
Tanınmış futbol mütəxəssisi Tahir Süleymanov AFFA-nın fəaliyyətini yenidən sərt tənqid edib.

"Azərbaycan futbolunda böyük boşluq yaranıb. Problemlər yetərincədir... Ümumi futbolda cərəyan edən proseslərə təbii, spontan münasibət bildirilirdi, ayrı-ayrılıqda çıxış yolları göstərilirdi. Şuuraltı cərəyan(lar) futbolun dirçəlməsinə yönəlsə də, hədəf fərdlər üzərində qurulmuşdu...

İdeologiya - fikir, düşüncə tələffüzü, təfəkkür birliyi, vahid ideya ətrafında mərkəzləşmə, bir olmaqdır. Ölkə futbolunun dərin hüceyrələri bacarıqsız cavabdeh fərdlərlə yanaşı futbol sisteminin özündədir!

AFFA-da Bakıdan Parisə qədər uzanan kosmetik, fərdi yerdəyişmələr oldu. Vahid ideoloji düşüncə təfəkkürü, birlik olmadığı halda futbol ictimaiyyəti arasında eyforiya yarandı, problemlər çözüldu kimi qəbul edildi.

Hazırda futbolumuzda psixoloji düşüncə dağınıqlığı hökm sürür. Strateji analitik mərkəz(lər) olmadığı üçün doğru hədəf(lər) müəyyən edilmir. Bundan yaranan emosiyalar, pərakəndəlik, üzdənyanaşmalar çoxluq təşkil edir. Hədəf-məqsədlər dərk edilmədən kiçilir, ucuzlaşdırılır...

Futbolda gündəmi zəbt edən məsələlər müzakirə edilməlidir, birmənalı. Qlobal futbol hədəflərindən yayınmamaq şərtilə...

Futbolun ümumi səviyyəsi bir tərəfə, artıq təşkilatı çatlar baş verir futbolda. Əvvəl soruşulacaq adamlar var idi, indi o da yoxdur.

Hamı gözləyir...

Nəyin gözlənildiyi bilinmir. Mərkəzləşdirilmiş ideoloji, strateji düşüncə nöqtəsi olmayan yerdə anarxiya baş qaldırır. Futbol vəzifələrində olan iddialılar təcrübəsizliklə, təkəbbürlə, səmimilikdən uzaq görüntü xarakterli addımlar atır, kabinet "mübarizə"lərinə üstünlük verilir...
Və... hər dəfə məğlubiyyətlə üzləşilir...

Böyük futbol yaşıl meydanlarda oynanılır!

Azərbaycan futbolunda nisbi sakitlik uçuruma aparır. Bir tərəfdə Çempionlar Liqasının qrupu istənilir, digər tərəfdə avtobus dərdi çəkilir. Türkiyənin əyalətində Samsun, Bursa stadionlarına həsəd aparılır, ikinci böyük şəhərimiz stadionsuz "qaçqın statusu" alır...

Qardaş ölkəylə mentallıq eynidir, fantastik infrastrukturla, 100 milyonlarla ölçülən klub büdcələri ilə hər mövsüm Avropada tarix yazılmalıdır. Aparıcı klublarımızın maliyyə dayaqları Türkiyədə autsayder klubların büdcəsindən azdır. İllərdir ekranlardan "ağıl" öyrədənlər Azərbaycan klubunu düşmən ölkəyə aid edir...

Azərbaycan futbolu kiçik imkanları ilə yanlış yol gedir. Məşqçi-futbolçu, azarkeş-jurnalistlər, klub rəsmisi-media arasında qarşıdurmalar, əcnəbi mütəxəssisin "9 ayın tamamını" gözləməsi, "istefa"lar, əvəzedicilərlə Divizionun "böyük" futbolu, akademiyaların futbol məktəblərinə çevrilməsi...

200 min "yetişdirilmiş futbolçu" da yaddan çıxıb artıq... Keyfiyyəti təmin etmək əvəzinə uşaq futbolunda liqa sayı artırılır... 300 minlik "futbolçu" rekordu təmin edilməlidir. Hamı da bir ağızdan dövlətdən ayrılacaq pulları gözləyir.

İllərdi əsaslandıraraq deyirik... 30 ilin hüquqşunası, klub rəhbəri Müşahidə Şurası ilə bağlı tutarlı açıqlama verir. 2013-cü ildə AFFA tərəfindən qəbul və klublara diqtə edilən qərarın heç bir qanuni, hüquqi əsasının olmadığını bildirir... O illər hələ həyatda olmayan klublar tez-tələsik Müşahidə Şurası yaradır. Nəticə qazanan klub isə sözündən dönmür!

9 il öncə verilmiş qərar hələ tam oturuşmayıb.

Klublar dağılıb/dağıdılıb/zəiflədilib, yeniləri yaradılıb. Müşahidə Şurasına uyanların aqibəti bəlli. Şah - qanundur/olmalıdır! Futbol qanunları əvəzinə şahruddinlər gündəmi
zəbt edir...

Futbolda hədəf(lər) unudulub. Qanuna söykənən dərin futbol mövzuları populyar deyil, ideoloji, strateji futbol təfəkkürü isə ümumiyyətlə tarixin yaddaşına köçür(b).

İstək Avropa futboludursa, düşüncə dərinliyi də ona uyğun olmalıdır!

Böyük futbol elmdir!

Azarkeşlər futbol üçün darıxıb. Bölgələrdə tribunalar dolur, futbola həvəs, qayıdış baş verir. Yaşıl meydanlarda isə keyfiyyət təmin edilməlidir. Həvəskar düşüncə ilə peşəkar futbol olmur!

Xaotik futbol yanaşmaları futbol ictimaiyyətini yaşıl meydanlardan sətiraltı uzaqlaşdırır. Dərin təhlillər az aparılır, yox dərəcəsindədir. Bunu ilk öncə futbol adamları etməlidir. Milli, klublarımız Avropaya çıxan kimi Azərbaycanda "görünməyən" futbol fəsadları dərhal üzə çıxır...

Və... Yenidən qayıdılır məmləkətə...

Futbol unudulur,...

Anarxiyanın tüğyan etdiyi futbolumuzda düşünən beyinlər "ehtiyat skamyaya" məhkum edilir, "əsas heyət" vaxt udur, sakitlik yaranana kimi kabinetlərdə gizlənilir...

Məşhur deyimdə olduğu kimi: "Axı dünya fırlanır"! Dünya fırlandıqca illər ötür, qazanan qazanır, aradan çıxan çıxır, nəticə göstərənlər "sürülür", nəticəsizlər nəticələrinə kimi dövran sürür, yaşayır, kötükcələrini təmin edir.

Belə durum futbolu dağıdanlara sərf edir...

Azərbaycan futbolunda böyük ideoloji boşluq, həqiqi hədəfsizlik var. Mənasız, yersiz qarşıdurmaların əsas səbəb(lər)i bunlardır, bunlardan irəli gələn vakuumdur. Partlayış yersiz fəsadlar törədə bilər. Səmimi, qərəzsiz, çılğın yanaşmalarda, münasibətlərdə hər kəsə səbr diləyirəm...

Futbolun dərdi - daha dərindir!"

Digər xəbərlər