"Neftçi"nin yeni baş məşqçisi "Yeganə məqsədimiz çempionluqdur" dedi

"Neftçi"nin yeni baş məşqçisi "Yeganə məqsədimiz çempionluqdur" dedi
Futbol
22 İyun 2022 - 01:00
"Neftçi"nin yeni baş məşqçisi Laurentsiu Regekampf açıqlama verib.

Supersport.Az xəbər verir ki, klubun televiziyasına danışan mütəxəssis ilkin təəssüratlarını bölüşüb:

"İlk dəfədir, mənim üçün belə təqdimat təşkil olunur. Burada olduğuma görə çox sevinirəm. Çox yaxşı insanlarla qarşılaşdım. Onlarla əlaqə quruldu, məni Azərbaycana dəvət etdilər. Buna görə çox məmnunam".

Rumıniyalı çalışdırıcı bu posta gəlişi barədə söyləyib:

"Bir tərəfdən yaxşı oldu ki, heç kim mənim adımı hallandırmırdı. Ölkəmdə bunu gizlətmək heç də asan deyil. "Neftçi" böyük klubdur. Bir neçə məşqçi ilə danışıqlar aparılması normaldır. Onlar ən yaxşı seçimi etmək istəyirdilər. Çox şadam ki, seçim mənim üzərimdə oldu. Başqa mövzu barədə danışmaq istəmirəm, bu, mənə aid deyil. Klubun qərarıdır. Demək istədiyim odur ki, burada olduğumdan çox məmnunam".

Çalışdırıcı "Neftçi"dəki hədəfləri barədə danışıb:

"Harada işləmişəmsə, həmişə böyük uğurlar qazanmaq, çempion olmaq istəmişəm. Mənim istəklərimlə klubun hədəflərinin üst-üstə düşməsi çox yaxşıdır. Yeganə məqsədimiz çempionluqdur. Bu çağırışa hazıram".

Regekampf Konfrans Liqasında qarşılaşacaqları Kipr "Aris"i barədə oyunlar barədə fikirlərini bildirib:

"Öz komandamı tanımalıyam. Bilməliyəm ki, necə oyunçularımız var. Güclü kollektiv yaratmalı və belə oyunlara hazırlamalıyıq. Sabahdan bu işə başlayacağıq. Baxmalıyıq ki, hansı mövqelərə oyunçular lazımdır. Yeni transferlər komandaya qoşularkən səviyyəni artırmalıdır. Bundan sonra rəqibi analiz etməyə başlayacağıq".

Mütəxəssis "Neftçi"yə hücum futbolu oynadacağını söyləyib:

"Total, hücum futbolunu sevirəm. Eyni fəlsəfəyə sadiq qalacam. Söhbət təkcə meydandakı düzülüşdən getmir. Məşqçi heyətimlə komandanı analiz edəcəyik və baxacağıq ki, hansı sistemə uyğun gəlir".

Regekampf öz köməkçilərini müəyyənləşdirdiyini bildirib:

"Bəli. Hər şey var. Həmişə işlədiyim köməkçilərlə çalışacam".

Digər xəbərlər