Ədalət olmayan yerdə xaos – AFFA-da

Ədalət olmayan yerdə xaos – AFFA-da
Futbol, Eksklüziv, Tribuna
22 İyun 2022 - 11:45
Allah ədalətli olanları da mükafatlandırır, ədalətsizləri də cəzalandırır. Ədalət olmayan yerdə xaos, anarxiya hökm sürər. Ədaləti qorumaq hər bir insanın, vətəndaşın borcudur.

Ədalətli insan işinə, həmkarlarına, rəhbərinə, Dövlətinə və Vətəninə sadiq olur. Futbol meydanında ədaləti hakimlər qoruyur. Futbolçuların, məşqçilərin haqqı yeyilməməli, obyektiv qərarları ilə hakimlər güclünü müəyyən etməlidirlər. Ancaq son illər ədaləti qoruyan hakimlərimizin haqsız qərarları bir çox komandaları məyus edib.  "Zirə" və "Sabah" klubuna qarşı verilən ədalətsiz qərarlar azarkeşlərin haqlı etirazına səbəb olub. Dəfələrlə mütəxəssis Rəşad Sadıqov hakimlərin haqsız qərarlarına münasibət bildirərkən texniki zonadan uzaqlaşdırılıb. Haqsızlıq AFFA Hakimlər Komitəsində də hökm sürür. Əliyar Ağayevə qarşı olan ədalətsizliyi hamımız görürük: ölkədaxili yarışlarda az təyinat verilir. Təcrübəli Rəhim Həsənov hakimliyi tərk etdi və belə bir ifadə işlətdi: "İndiki hakimlər komitəsi ilə işləmək istəməzdim".

Avstriyalı Frits Ştuxlik Bakıya pul qazanmağa gəlib və onun Azərbaycan futbol hakimliyinin inkişafına heç bir köməyi dəyməyib.  

Daha bir ədalətsiz qərar bu yaxınlarda Hakimlər Komitəsi tərəfindən verilib. Hakim dostlarımızdan əldə etdiyimiz məlumata görə, maliyyə dələduzluğuna yol verən və bu səbəbdən sabiq baş katib Elxan Məmmədov tərəfindən AFFA-dan kənarlaşdırılan Elçin Məmmədovu komitə üzvləri (Vüsal Əliyev, Babək Quliyev, Anar Salmanov, Ömər Paşayev-red.) yenidən öz sıralarına qatmaq üçün "dəridən–qabıq"dan çıxırlar. Maliyyə pozuntusunun araşdırmasını indiki baş katib Sərxan Hacıyev İşçi Qrupuyla birgə aparmış və Elçin Məmmədovun külli miqdarda maliyyə fırıldağını aşkar etmişdi.

Saytımızda bu barədə məlumat verilmişdi və bu linkə (supersport.az/?p=120921) daxil olaraq yazı ilə tanış ola bilərsiniz.

Maliyyə yeyintisiylə bağlı əlimizdə yeni faktlar var və yaxın vaxtlarda bunları da ictimaiyyətə çatdıracağıq.

Ədalətsiz qərarlar verən komitənin ədalətli hakimləri ola bilməz və onların meydanda verdiyi qərarlar şübhə altına düşür. Ədalətsizlik etməklə komitə üzvlərinin marağı nədədir? Yəqin ki, Elçin Məmmədovun yoxluğunda onların cibləri boşalıb. Tribunanı hər bir komitə üzvünə verməyə hazırıq.

Ədalətli olun! Ədalətli qərar verin!

Futbolumuzun inkişafı ədalətlə yüksələcək!

Mübariz

Digər xəbərlər