AFFA maliyyə pozuntusunu gizlədir - iddia

AFFA maliyyə pozuntusunu gizlədir - iddia
Futbol, Eksklüziv, Araşdırma
22 Mart 2021 - 09:00

 YENİ FAKTLAR ÜZƏ ÇIXIR


AFFA Hakimlər Komitəsində maliyyə fırıldağı iddiası haqda xəbər yaysaq da, qurumun pozuntunu gizlətməyə çalışdığı bildirilir.


Supersport.Az buna rəğmən, araşdırma zamanı yeni faktlar üzə çıxarıb.


İddiaya görə, ötən ilin martında oyunlar olmadığı halda, futzal hakimləriylə hakim-inspektorların hesabına qonorardan əlavə külli miqdarda vəsait köçürülüb.


Saytımızın əldə etdiyi informasiyaya əsasən, AFFA Hakimlər Komitəsində maliyyə pozuntusunu aşkarlayan aparıcı mütəxəssis, hakim-inspektor Şahin Cəfərov olub. Ş.Cəfərov ötən ilin avqustunda bu haqda məlumat əldən kimi Hakimlər Komitəsinə xəbər çatdırıb.


Bununla bağlı ciddi narahat olan Şahin Cəfərovun icraçı vitse-prezident Elxan Məmmədovla görüşü olub. Cəfərov dövlətə ziyan vurulduğunu bildirərək, Məmmədovdan qanunauyğun tədbir görülməsini, günahkarların cəzalandırılmasını tələb edib. Məhz bundan sonra Elxan Məmmədov bu məsələnin araşdırılması üçün İşçi Qrupu formalaşdırıb. Qrupa rəhbərlik baş katibin müavini, AFFA-nın Lisenziya Komissiyasının sədri Sərxan Hacıyevə həvalə edilib. İşçi Qrupu 5 nəfərdən ibarət olub. Baş katibin müavini Sərxan Hacıyevin rəhbəri olduğu qrupun üzvləri sırasında Maliyyə və Mühasibatlıq Departamentinin rəisi Xalid Cavadov, mühasibatlıqda çalışan Xanım Hüseynova, hüquq şöbəsinin rəhbəri Günay Zamanlı və müstəqil auditor Elnur Kazımovun olduğu bildirilib.


AFFA-nın maliyyə fırıldağı etməkdə şübhəli bilinən Elçin Məmmədovu Hakimlər Komitəsi üzvülüyündən kənarlaşdırdığı haqda məlumat ötürülüb. E.Məmmədov günahkar olmadığını, qovulmadığını, işlərin çoxluğundan ayrıldığını, fəaliyyətini daha münasib təklif aldığı futzal qurumunda davam etdirəcəyini deyib.


İddia olunur ki, maliyyə pozuntusu olan qonorar cədvəli üç şəxs - AFFA Hakimlər Departamentinin sədri Cavid Cəlilov, Maliyyə və Mühasibatlıq Departamentinin rəisi Xalid Cavadov və Hakimlər Komitəsinin sədri Fritz Stuxlikdədir. Hakim, hakim-inspektorlara əlavə vəsait yazılan siyahını Hakimlər Komitəsinin keçmiş üzvü Elçin Məmmədovun hazırladığı bildirilib.


AFFA-nın qəribə addım atdığı, maliyyə fırıldağını üzə çıxaran aparıcı mütəxəssis Şahin Cəfərovu arzuolunmaz şəxs elan etdiyi barədə məlumat verilib. Məsələ burasındadır ki, Ş.Cəfərov ötən ilin avqustunda hakim-inspektorların imtahanında maksimum nəticə göstərsə də, avstriyalı Fritz Stuxlikin rəhbərlik etdiyi Hakimlər və Hakim-İnspektorlar Komitəsindən oyunlara təyinat almayıb.


AFFA-nın Ş.Cəfərova 8 aydır matçları tapşırmamağı cəza hesab olunur və bu fakt gələcəkdə 46 il futbolda saç ağardan təcrübəli mütəxəssislə yolların ayrılacağına işarə ola bilər.


Ş.Cəfərovdan məsələ barədə açıqlama almaq istəsək də, telefonuna zəng çatmayıb.


Supersport.Az maliyyə pozuntusuyla bağlı araşdırmanı davam etdirir və bütün tərəflərin mövqeyini verməyə hazırdır.

Digər xəbərlər