Bakı birinciliyinin qalibləri müəyyənləşib

Bakı birinciliyinin qalibləri müəyyənləşib
Digər, Velosiped
12 Oktyabr 2021 - 21:11
Supersport.Az-ın məlumatına görə, Respublika Velotrekində trek velosipedi üzrə Bakı birinciliyinə yekun vurulub. Yarışda klub və cəmiyyətlərin 60-a yaxın idmançısı mübarizə aparıb.

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışda bütün yaş kateqoriyaları üzrə idmançılar 12 növdə güclərini sınayıblar. U15 yaş qrupunda 333, 666 metr və 1 km, U17 yaş kateqoriyasında 333, 666 metr, 1 km və skretç, gənclər 1 km və skretç, U23 və Elit yaş qrupundakı idmançılar isə 1 km və skretç növündə ən güclüləri müəyyənləşdiriblər.

Azərbaycan Velosiped İdmanı Federasiyasının baş katibi Fərhad Əliyevin sözlərinə görə, yarışın keçirilməsində əsas məqsəd 2022-ci ildə təşkil olunacaq İslam Həmrəyliyi Oyunları, həmçinin dünya və Avropa çempionatlarında iştirak edəcək trek velosipedi üzrə yığma komandaya namizəd idmançıları müəyyənləşdirməkdir.

Bakı birinciliyinin qalib və mükafatçıları Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən medal, diplom və hədiyyələrlə təltif ediliblər.

Digər xəbərlər