AFFA-da maliyyə fırıldağı iddiası - Eksklüziv

AFFA-da maliyyə fırıldağı iddiası - Eksklüziv
Futbol, Eksklüziv
21 Fevral 2021 - 22:08

Supersport.Az-a AFFA Hakimlər Komitəsində maliyyə pozuntusu olduğu haqda şok xəbər daxil olub.


Məlumatda bildirilir ki, ötən il hakimlərə qonorardan əlavə külli miqdarda pullar yazılıb. Buna görə avstriyalı Fritz Stuxlikin rəhbərlik etdiyi Hakimlər Komitəsinin də məsuliyyət daşıdığı deyilir.


AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovun məsələylə bağlı ciddi narahat olduğu, günahkarların dərhal tapılıb cəzalandırılması üçün İşçi Qrupu formalaşdırdığı bildirilir.


İşçi Qrupuna, araşdırmaya rəhbərliyin baş katibin müavini, AFFA-nın Lisenziya Komissiyasının sədri Sərxan Hacıyevə həvalə edildiyi vurğulanıb. Supersport.Az adıçəkilən şəxsin fikirlərini öyrənməyə çalışıb. Baş katibin müavini Sərxan Hacıyev bu barədə açıqlama verməkdən imtina edib, yalnız lisenziyayla bağlı danışa biləcəyini söyləyib.


S.Hacıyev bildirib ki, icraçı vitse-prezident Elxan Məmmədov hər zaman jurnalistləri maraqlandıran sualları cavablandırır.


Baş katibin müavini, "Zəhmət olmasa, AFFA-nın mətbuat xidmətinin rəhbəri Firuz Abdulla ilə əlaqə saxlayın" deyib.


Supersport.Az, AFFA-nın digər rəsmisi Elxan Məmmədovla əlaqə saxlamağa cəhd etsə də, onunla danışmaq istəyimiz alınmayıb.


Qurumun mətbuat xidmətinin rəhbəri Firuz Abdulla isə saytımıza açıqlamasında məlumatın yalan olduğunu iddia edib.


Supersport.Az bu məsələylə bağlı araşdırmanı davam etdirəcək.

Digər xəbərlər