"Qarabağ" koronavirus səbəbindən İspaniyaya getmədi

"Qarabağ" koronavirus səbəbindən İspaniyaya getmədi
Futbol
09 Dekabr 2020 - 12:16
Supersport.Az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsinin VI turunda "Vilyarreal"la qarşılaşmalı olan "Qarabağ" növbəti dəfə koronavirus  yoxlamasından keçib.

Daha iki futbolçu - Şahruddin Məhəmmədəliyev və Xayme Romeroda testin nəticəsi müsbət olub. Ötən testin nəticələri pozitiv çıxan 7 oyunçu - Qara Qarayev, Emil Balayev, İsmayıl İbrahimli, Toral Bayramov, Mahir Emreli, Abbas Hüseynov və Kevin Medinada da nəticə eynidir.

İki futbolçu - Bədavi Hüseynov və Patrik Andrade də zədə səbəbindən növbəti oyunu buraxmalı olacaq. Son testləri neqativ çıxan Maksim Medvedev və Musa Qurbanlı da həkim məsləhətilə tam məşqlərə bərpa etməyib.

Beləliklə, UEFA-ya təqdim olunan A və B iştirak ərizəsində yer alan 23 futbolçudan 13-ü (hər iki qapıçı) qarşıdakı oyunda iştirak edə bilməyəcəkdi. Koronavirus səbəbindən "Qarabağ"ın  dekabrın 10-u "Vilyarreal"la matçı baş tutmayacaq və qarşılaşma haqda qərar UEFA tərəfindən veriləcək. Məlumatı Ağdam klubunun mətbuat xidməti yayıb.

Azərbaycan çempionu səfər matçına getmədiyi üçün texniki məğlubiyyətlə üzləşəcək.

UEFA koronavirus pandemiyası üzündən oyuna yollanmayacaq "Qarabağ"a 0:3 hesablı yenilgi versə, ölkə çempionu meydana çıxmadan məğlubiyyət alan ilk komandamız kimi tarixə düşəcək. Əvvəlki iki texniki nəticə oyunun hesabının ləğvindən sonra olub.

 

Digər xəbərlər