Eksklüziv: AFFA milliyə Qriqorçuku gətirir - ukraynalı mütəxəssisin istədiyi məbləğ

Eksklüziv: AFFA milliyə Qriqorçuku gətirir - ukraynalı mütəxəssisin istədiyi məbləğ
Futbol, Eksklüziv
13 Yanvar 2020 - 07:00
Supersport.Az-ın əldə etdiyi məlumata görə, millinin baş məşqçi vəzifəsinə namizədlər sırasında "Qəbələ"nin keçmiş, "Astana"nın baş məşqçisi Roman Qriqorçuk da yer alıb.

AFFA ukraynalı mütəxəssislə danışıqları aparır. Milli qurumun bu dəfə məşqçi seçimində çox diqqətli olacağı, ölkə futboluna yaxından bələd olan təcrübəli əcnəbi mütəxəssisə üstünlük verəcəyi bildirilir.

Məlumatlı mənbə Supersport.Az-a bildirib ki, Qriqorçuk AFFA-dan 1 milyon dollar istəyib. Mütəxəssis "Qəbələ"də fəaliyyət göstərərkən də bu məbləği alırdı. Qriqorçuk Qəbələ klubunda möhtəşəm uğura imza ataraq komandanı iki dəfə Avropa Liqasının qrup mərhələsinə daşımışdı. Bundan əvvəl o, "Çernomorets"i Avroliqanın 1/16 final mərhələsində oynatmışdı. "Astana"ya gəlincə, ötən il ukraynalı məşqçinin rəhbərliyində Qazaxıstanda 6-cı dəfə çempion, 4-cü dəfə superkubokun qalibi olub. Bundan başqa, qazax klubu Avroliqanın qrupunda "Mançester Yunayted" üzərində tarixi qələbə qazanıb.

Təcrübəli mütəxəssis ölkəmizdə fəaliyyət göstərmək üçün "alışıb-yanır". Məsələ burasındadır ki, ukraynalı futbol adamı, bir müddət əvvəl "Azərbaycan" sözünü eşidəndə müsbət enerji alıram" deməklə dövlətimizdə yenidən çalışmaq istəməsinə işarə vurub. Digər tərəfdən, "yağ-bal" içində üzən" AFFA üçün 1 milyon dollar vermək problem deyil. Bu məqamlara görə Roman Qriqorçukun Azərbaycan milli komandasının baş məşqçisi olacağı real görünür.

"Astana"dan ayrılması gözlənilən 54 yaşlı ukraynalı mütəxəssis, top-komanda və ya yığmada çalışmaq istədiyini bildirib. Qriqorçuk Kiyev "Dinamo"sundan təklif gələcəyi təqdirdə, müsbət cavab verəcəyini də söyləyib.

AFFA-nın əcnəbi mütəxəssis gətirmək istəyi baş tutmasa, yerli məşqçilərdən "Keşlə"nin çalışdırıcısı Tərlan Əhmədov və ya ölkənin ali futbol qurumunun texniki direktorunun müavini Yunis Hüseynovu milli komandaya təyin edəcəyi bildirilir.

 

Digər xəbərlər