Eksklüziv: AFFA-nın seçimi: Tərlan Əhmədov, yoxsa Tomas Doll?

Eksklüziv: AFFA-nın seçimi: Tərlan Əhmədov, yoxsa Tomas Doll?
Futbol, Eksklüziv
08 Yanvar 2020 - 02:13
Supersport.Az-ın əldə etdiyi məlumata görə, Azərbaycan milli komandasının baş məşqçiliyinə namizədlər sırasında iki mütəxəssisin də adı var.

Saytımıza verilən xəbərdə bildirilib ki, AFFA-nın siyahısında "Keşlə"nin 48 yaşlı əsas çalışdırıcısı Tərlan Əhmədovla yanaşı, hazırda işsiz olan əcnəbi mütəxəssis Tomas Doll yer alıb. Alman məşqçi "Neftçi"nin də baş məşqçi postuna namizəd olaraq göstərilir.

T.Doll futbol azarkeşlərimizə yaxşı tanışdır. 53 yaşlı alman mütəxəssis "Apoel"in baş məşqçisi olarkən "Qarabağ"ı  Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində mübarizədən kənarlaşdırıb. Bundan başqa, Dollun rəhbərliyində Kipr klubu Avroliqanın qrup raundunda Azərbaycan çempionunun pley-off-a gedən yolunu kəsib.

Avropa Liqasının qrup səddini keçməsinə baxmayaraq "Apoel" Tomas Dollu istefaya göndərib. Buna səbəb mütəxəssislə klub rəhbərliyi arasında fikir ayrılığı, soyuq münasibətlər olub.

53 yaşlı mütəxəssislə 2021-ci ilin mayın sonuna qədər müqavilə olsa da, Kipr təmsilçisi yolları ayırmağa qərar verib.

T.Doll müxtəlif vaxtlarda Almaniyada "Hamburq", "Borussiya" (Dortmund), "Hannover", "Gənclərbirliyi" (Türkiyə),  "Əl-Hilal" (Səudiyyə Ərəbistanı) və Macarıstanın "Ferensvaroş" komandalarında baş məqşçi kimi çalışıb.

 

Digər xəbərlər