Tofiq Musayev: "Bu qələbəni xalqımıza həsr edirəm"

Tofiq Musayev: "Bu qələbəni xalqımıza həsr edirəm"
Digər, MMA
07 Yanvar 2020 - 20:11
Supersport.Az-ın məlumatına görə, Yaponiyada keçirilən və MMA üzrə ən nüfuzlu turnirlərdən olan "Rizin Gran Prix 2019"un qalibi olan Tofiq Musayev Gənclər və İdman Nazirliyində fikirlərini bölüşüb. 

Tədbirdə gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, T.Musayevin məşqçisi Ruslan Əfəndiyev iştirak edib.

İ.İsmayılov idmançını uğur münasibətilə təbrik edərək bu qələbənin ölkəmizdə idmanın inkişafının daha bir göstəricisi olduğunu deyib. Nazir müavinin sözlərinə görə, Azərbaycanda təkcə Olimpiya idman növlərinin deyil, qeyri-Olimpiya idman növlərinin də inkişafına xüsusi diqqət ayrılır. 

"MMA üzrə dünya çempionatında Azərbaycanı uğurla təmsil etməyimlə fəxr edirəm" deyən çempion, zəfərinin Azərbaycan xalqına həsr etdiyini bildirib:

"Sevinirəm ki, zəhmətimiz yerdə qalmadı. Azərbaycan bayrağının daim zirvələrdə dalğalanacağına inanıram. Yarışda ölkəmi təmsil etdiyim üçün məsuliyyətim çox böyük idi. Bu qələbəmdə ən böyük pay sahiblərindən biri də məşqçim Ruslan Əfəndiyevdir. Məhz onun sayəsində mən dünya çempionu adını qazanmışam".

Revanş qarşılaşması ilə bağlı hələ ki hər hansı təklifin olmadığını söyləyən T.Musayev, cavab döyüşünə hazır olduğunu söyləyib.

Çempion idmançımız oktyabrın 12-də Yaponiyada avstraliyalı rəqibi Damien Braun ilə qarşılaşmada cəmi altı dəqiqəyə qalib gəlib. Daha sonra amerikalı Conni Keys ilə üz-üzə gələn idmançımız rəqibini vaxtından əvvəl məğlubiyyətə uğradıb. Finalda braziliyalı Patrik Freire ilə görüşdə T.Musayev, hakimlərin yekdil qərarına əsasən hər üç raundda rəqibindən üstün olaraq dünya çempionu adını qazanıb.

"Artıq UFC-dən təklif gəlib amma hələ tələsmirik. Görək RİZİN nə fikirləşir. Əgər istəklərimiz qarşılanarsa orada qalıb kəmər müdafiəsinə çıxacağam. Onlardan səs çıxmasa, növbəti döyüşüm yəqin ki, UFC-də olacaq" - deyə, Musayev qeyd edib.
 

Digər xəbərlər