Fərid Mansurov: "Daha çox lisenziya, olimpiadada uğur qazanılmalıdır"

Fərid Mansurov: "Daha çox lisenziya, olimpiadada uğur qazanılmalıdır"
Digər, Boks
30 Dekabr 2019 - 12:37
Supersport.Az-ın məlumatına görə, Azərbaycan Boks Federasiyası (ABF) bu ilə yekun vurub. Bununla bağlı milli komandanın təlim-məşq toplanışında olduğu Abşeron Olimpiya İdman Kompleksində görüş keçirilib.

Yığıncaqda ABF-in vitse-prezidentləri Süleyman Mikayılov, Rövşən Hüseynov, baş katib Nağı Səfərov, Gənclər və İdman Nazirliyinin idman şöbəsinin rəhbəri Fərid Mansurov, milli komandanın məşqçilər korpusu və yığma üzvləri iştirak ediblər.

Tədbirdə S.Mikayılov ili Azərbaycan boksçuları üçün uğurlu adlandırıb. O bildirib ki, komandanı yeni ildə daha ciddi sınaqlar gözləyir:

"2020-ci il Olimpiya ili hesab olunur. Biz Tokio Yay Olimpiya Oyunlarında iştirak üçün ilk növbədə lisenziyalar qazanmalıyıq. Bu yarışlara da martdan start veriləcək. Ümid edirəm ki, boksçularımız lazımı uğurlara imza ataraq, bir neçə vəsiqə qazanacaqlar. Bundan sonra isə Olimpiadada öz sözümüzü deyəcəyik".

Federasiya rəsmisi, təlim-məşq toplanışları üçün lazımı tapşırıqlarını verib.

Daha sonra N. Səfərov hesabat xarakterli çıxış edib.

Gənclər və İdman Nazirliyinin rəsmisi Fərid Mansurov da boksçularımıza böyük ümidlər bəslədiklərini qeyd edib. Onun sözlərinə görə, bacardıqca çox lisenziya qazanıb, Olimpiadada inamlı çıxış vacib məsələlərdəndir. O, Olimpiya çempionu kimi, komandaya tövsiyələrini də verib.

R.Hüseynov da komandanı qarşıda ciddi sınaq gözlədiyini vurğulayıb. O bildirib ki, boksçularımız öz sözlərini deməyə davam edəcəklər:

"İnanırıq ki, lisenziya turnirlərində və Tokio-2020-də qələbələrimizlə yenə xalqımızı sevindirəcəyik".

Ardınca məşqçilər korpusu və boksçular onlara bəslənilən ümidləri doğrultmaq üçün səylə çalışdıqlarını deyiblər. Qeyd ediblər ki, bacardıqlarının maksimumunu rinqdə qoyacaqlar.

Tədbirdən sonra milli komanda ilin son məşqinə çıxıb. Abşeron Olimpiya İdman Kompleksində baş tutan təlim-məşq toplanışının axırıncı günündə boksçular əsasən bərpaedici təmrinlər yerinə yetiriblər. Onların həvəslə çalışmalarını isə baş məşqçi Umberto Orta Dominqes belə dəyərləndirib:

"Milli komandanın hazırlıq səviyyəsi çox gözəl vəziyyətdədir. Birgə məşq etdiyimiz 2 ayda hər bir boksçudan razıyam. İntizam, fiziki və taktiki baxımından komandada çox böyük irəliləyiş var. Olimpiya lisenziyalı turnirə hazırlığımız yüksək səviyyədə davam edir. Məqsədimiz mümkün 8 vəsiqədən ən azı 6-nı qazanmaqdır".

O bildirib ki, əsas hədəfi Azərbaycan yığmasına ilk qızıl medalı qazandırmaqdır:

"Lisenziyalara sahib olduqdan sonra Tokio Yay Olimpiya Oyunlarına tam fərqli hazırlaşacağıq. Məqsədimiz Olimpiadada Azərbaycan idman tarixində yeni səhifə açmaqdır. Boks idman növündə ilk dəfə qızıl medala sahib olmağı hədəfləmişik. Yalnız bunun üçün çalışırıq və inanıram ki, bu istəyimizi həyata keçirəcəyik".

Millinin böyük məşqçisi Nəriman Abdullayev də hazırlığın gedişindən razıdır. Onun sözlərinə görə, yüksək səviyyədə keçən hazırlığın bəhrəsi yalnız qələbələrdir:

"Yeni baş məşqçi ilə birgə əsas məqsədimiz lisenziya turnirlərində uğurlu iştirakdır. Komandamıza cəlb olunan gənc boksçular təcrübəlilərlə birgə hazırlıq keçir. Hər şey yüksək səviyyədədir. Hazırda əsasən funksional – fiziki məşqlərə diqqət yetiririk. Xarici komandalarla birgə təlim-məşq toplanışı da planlaşdırırıq. Bu da düşərgədə olan bütün boksçular yoxlamağa hesablanıb. Azərbaycan çempionatına qatılan və icazəli iştirak etməyən bütün titullu boksçular tərəfimizdən izlənilir. Onlardan hazır və güclü olanı lisenziya turnirində mübarizə aparacaq. Ümidvarıq ki, bütün gücümüzü səfərbər edib, bacardığımız qədər lisenziya qazanacağıq".

Beləliklə, boksçularımız üçün daha bir il və bir-birini əvəzləyən təlim-məşq toplanışı yekunlaşıb. İstirahətə yollanan komandamız 2020-ci il yanvarın 4-də yenidən bir araya gələcək. Amma milli zalı tərk etməmişdən həkim nəzarətindən keçib. İlin ən yaxşı iki həkimindən biri seçilən Zaur Abdullayev boksçuları yoxlayaraq, məşqçilər korpusuna hansısa ciddi problemin və zədənin olmaması barədə məlumat verib.

Qeyd edək ki, gələn il martın 13-23-də Avropa Olimpiya Təsnifat Turniri Londonda, mayın 13-24-də Dünya Olimpiya Təsnifat Turniri Parisdə keçiriləcək.

Digər xəbərlər