"Sabah"ın baş məşqçisi: "Bilmirəm, bəlkə mən axmağam"

"Sabah"ın baş məşqçisi: "Bilmirəm, bəlkə mən axmağam"
Futbol
08 Dekabr 2019 - 19:55
Azərbaycan Premyer Liqasında XIV turun “Sabah” – “Neftçi” (0:2) oyunundan sonra keçirilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Jelko Sopiç jurnalistlərin suallarını cavablandırdı. 

Supersport.Az xəbər verir ki, o əvvəlcə oyun haqda ümumi fikrini bildirib.

- Daha yaxşı oyun ola bilərdi. İlk qolu 45+1-də standart vəziyyətdən buraxdıq. Rəqib daha yaxşı idi, iki qol vurdular. İlk qolla bağlı şərhim yoxdu. Standart vəziyyətlərlə bağlı komandaya demişdik ki, yaxın dirəkdə diqqətli olmalıyıq. “Neftçi” və “Qarabağ” kimi komandalara qarşı 5-6 belə qol imkanı yaratmaq imkanı veririksə, bu, ya onların keyfiyyətli olduğunun, ya da bizim keyfiyyətsiz çıxışımızın göstəricisidir. Nəsə danışmaq xətrinə danışmıram. Sadəcə, legionerlər komandaya keyfiyyət qatmırlar.

- Ölkənin ən güclü iki klubu ilə qarşılaşmısınız. Bu “Sabah” çempionatda nəyə nail ola bilər?

- Nəyə qadir olduğumuz barədə danışsam, gərək məndən öncə burada işləmiş mütəxəssislər haqda da fikirlərimi bildirim. Siz də komandanın çıxışını görmüsüz, özünüz qiymət verə bilərsiz.

- Qışda heyətdə neçə faiz dəyişiklik etmək fikrindəsiniz? Nəzərə alaq ki, bu, sizin qurduğunuz komanda deyil...

- Qışdan sonra biz yeni nələrsə gətirməliyik. Bunları görmək üçün futbol məşqçisi olmaq lazım deyil. Oyuna baxanda siz özünüz də görürsünüz. Mən klubla gələrkən mənə dedilər ki, filan futbolçular yüksək səviyyədədir. Bilmirəm, bəlkə mən axmağam, ya nədi məsələ. Qış fasiləsindən sonra 100 faiz Şakir kimi 7 futbolçum olacaq komandada. O, hər məşqdə, oyunda əlindən gələn hər şeyi edir. Pul mənim komandamda heç vaxt önəmli olmayıb.

- Əvvəlki baş məşqçilər İvanoviçi müdafiənin mərkəzində oynadırdılar. Ancaq siz onu dayaq yarımmüdafiəçisi kimi buraxırsız?

- Mən bura gəlməzdən qabaq “Sabah”ın bütün oyunlarına baxmışdım. Elə məşqçiyəm ki, istəmirəm “Neftçi”nin 10, bizim 3 qol imkanımız olsun. İstəmirəm ki, Allahın və qapıçının ümidinə qalaq. İlk sözüm o idi ki, mərkəzi bağlamalıyıq. Filip mərkəz müdafiəçisi deyil. Əgər başqa variant yoxdusa, onu orda oynatmaq olar.

- Dediniz ki, komandamda pul hər şey deyil. Ancaq heyətdə dəyişikliklər üçün pul da lazım olacaq. Rəhbərlik sizə bu təminatı veribmi?

- Bu barədə danışmayacam. Mənimçün fərqi yoxdu, əcnəbi futbolçular keyfiyyət verməyəcəksə, 10 azərbaycanlı ilə oynayacağam. Rəhbərliyin pul verib-verməyəcəyi barədə fikir bildirməyəcəyəm.

Süleyman Kərimov

Digər xəbərlər