Roberto Bordin danışdı: səhvlər, ayıq olmaq, yara sağaltmaq haqda

Roberto Bordin danışdı: səhvlər, ayıq olmaq, yara sağaltmaq haqda
Futbol
06 Oktyabr 2019 - 00:32
Supersport.Az-ın məlumatına görə, Azərbaycan Premyer Liqasının 7-ci turunda "Səbail"ə qalib gələn "Neftçi"nin baş məşqçisi Roberto Bordin fikirlərini açıqlayıb.

İtaliyalı mütəxəssis komandasından razı qalsa da, səhvlər olduğunu bildirib.

"Futbolçularımı təbrik edirəm. Oyuna çox yaxşı yanaşdılar. İlk hissədə çox yaxşı oynadılar. Rəqib qapısı qarşısında standart vəziyyətlərlə yanaşı, müxtəlif cür təhlükəli epizodlar da yaratdıq. İkinci hissədə bir az da irəli atıldıq. Daha bir qol vurmaq istəyirdik. Risk etdik, nəticədə qapımızda bir qol gördük. Rəqibin qoluna qədər yaratdığımız vəziyyətləri qola çevirməli idik. Səhvimiz 3-cü qolu vurmamağımız oldu.
Bütün komandanın çıxışından razı qaldım. Düzdür, Mustivar bəzən ötürmələrdə səhvlər edirdi, amma bu o demək deyil ki, onun oyununun üstündən xətt çəkmək lazımdır. Səhvlər etsə də, vaxtında zonaları bağlamaqla, ortada say üstünlüyü yaratmaqla komanda yoldaşlarına kömək edirdi. Hətta bir epizodda komandamızı xilas etdi. Texniki səhvlərdən çox oyun epizodlarına üstünlük verirəm. Ardıcıl ikinci inamlı qələbəni qazansaq da, psixoloji məngənədən çıxdığmızı demək tezdir. Keçən dəfə də demişdim, yaramızı sağaltmağa və düşdüyümüz durumdan yavaş-yavaş çıxmağa çalışırıq. Oyundan-oyuna komanda özünə gəlir. Hər matçda buraxılan səhvlərdən və neqativ hallardan nəticə çıxarmalıyıq. Bu günkü səhvlərin də üzərində işləyəcəyik. Çox çalışmaqla yaranı daha çox sağalda bilərik. Növbəti oyunda hücumda daha kəsərli olmalıyıq. Səlahət Ağayevin qasıq nahiyəsində ağrılar çox olduğu üçün oyunu davam etdirə bilmədi. Müayinədən sonra vəziyyəti dəqiqləşəcək. Futbolçulara bir neçə günlük istirahət veriləcək. Ondan sonra əlimizdə qalan oyunçularla fiziki cəhətdən formamızı yaxşılaşdırmağa çalışacağıq. Tural Axundovun bu gün meydanda olmamasına gəlincə, heyətdə çox futbolçu olduğundan, dəyişikliklərə əl atıram. Heyət həftəboyu məşqlərdən və rəqibdən asılı olaraq qurulur. Hər dəfə Darionun adını neqativ cəhətlərə çəkmirəm. Bəzi epizodlarda rəqib futbolçunu bağlamırdı, mən isə onun yadına salırdım. Həm də təkcə ona yox, digər futbolçulara da səslənirəm ki, ayıq olsunlar. Limitlə bağlı heç bir şikayətim yoxdur. Yüksək oyun nümayiş etdirən futbolçu meydanda olmalıdır. Fərqi yoxdur, bu azərbaycanlıdır, yoxsa əcnəbi".

Digər xəbərlər